Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda prezident seçkilərindən sonrakı siyasi durumdan danışıb.
Amerikanın Səsi: Prezident seçkiləri qabağı ölkədə iqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyəti münasibətlərində, həmçinin fundamental hüquqlar sahəsində liberallaşma olacağı ilə bağlı cəmiyyətdə gözləntilər var idi. Amma seçkilərdən sonra yenə müxalifətçi fəalların həbsləri qeydə alınmaqdadır. Sizcə, həbslərin davam etdirilməsinin səbəbləri nədir?
Hakim düşərgədə yumşalma ilə, liberallaşma ilə bağlı hələ heç bir tərpəniş yoxdur. Əksinə çox narahatlıq var ki, Azərbaycanda siyasi fəallıq arta bilər, ölkədə haklimiyyət əleyhinə çıxışların sayı çoxala bilər.
Anar Məmmədli: Məncə, seçkilərdən sonra başlayan repressiyaların iki əsas səbəbi var. Prosesləri analiz edəndə görürük ki, bunun birinci səbəbi iqtidarın seçkilərdən xeyli dərəcədə əzilmiş vəziyyətdə çıxmasıdır. Baxmayaraq ki, seçkilər alternativsizlik şəraitində keçdi, amma mötəbər beynəlxalq qurumların seçkilərlə bağlı rəyləri, eyni zamanda seçki ilə bağlı beynəlxalq ictimaiyyətdə təqdir olunacaq bəyanatların səslənməməsi, əksinə beynəlxalq mediada, beynəlxalq təşkilatlar tərəfindən sərt bəyanatların səslənməsi hakimiyyətin xeyli dərəcədə aqressivləşməsinə səbəb oldu. İkinci bir məsələ isə Ermənistanda baş verən məxməri inqilab və bunun Azərbaycan ictimaiyyətinə təsirləri ilə bağlı narahatlıqdır. Yəni, bu iki məsələ hakimiyyəti tələm-tələsik siyasi repressiyaları gücləndirməyə, xüsusilə də aktiv siyasi kəsimə qarşı, siyasi partiyalara qarşı daha planlı şəkildə təzyiqlər aparmağa vadar etdi. Bunu biz Xalq Cəbhəsi Partiyasının timsalında görürük. Bu partiyaya qarşı aqressiya xeyli dərəcədə artmağa başladı, həbslər oldu. İkinci bir məsələ may ayında verilmiş əfv fərmanı ilə bağlıdır. Bizim gözləntilərimizin əksinə olaraq çox az sayda siyasi məhbus o siyahıya düşdü və bəzilərinin həbsdən azad olunmasına çox az qalmışdı. Bu göstərir ki, hakim düşərgədə yumşalma ilə, liberallaşma ilə bağlı hələ heç bir tərpəniş yoxdur. Əksinə çox narahatlıq var ki, Azərbaycanda siyasi fəallıq arta bilər, ölkədə haklimiyyət əleyhinə çıxışların sayı çoxala bilər.
Amerikanın Səsi: Azərbaycan rəsmiləri bu ilin martında siyasi məhbus adlandırılan şəxslərin həbsdən azad ediləcəyini, amnistiya olacağını bəyan etmişdi. Amma amnistiya aktı qəbul edilmədi. Yalnız bir neçə siyasi məhbus kimi tanınan şəxs əfv olundu. Sizcə, rəsmi dairələrin bəyanatının özünü doğrultmamasının səbəbi nədir?
Seçkidən sonra gördülər ki, həm yerli, həm də beynəlxalq ictimai rəydə münasibətlər çox mənfidir, Azərbaycanda baş verən olaylara heç də müsbət münasibət yoxdur.
Anar Məmmədli: Dediyim kimi, yəni martda verilən bəyanatlar seçki öncəsinə təsadüf edirdi. 11 aprel növbədənkənar seçkilər öncəsi cəmiyyətdə, eyni zamanda beynəlxalq ictimai rəydə belə bir rəy yaratmağa çalışırdılar ki, seçki sonrası ölkədə bir açılım olacaq, yumşalma olacaq. Vətəndaş-dövlət münasibətlərində yumşalma müşahidə olunacaq. Bunun bir siqnalını verməyə çalışdılar. Amma seçkidən sonra gördülər ki, həm yerli, həm də beynəlxalq ictimai rəydə münasibətlər çox mənfidir, Azərbaycanda baş verən olaylara heç də müsbət münasibət yoxdur. Eyni zamanda Ermənistanda bu hadisələrin cərəyan etməsi hakim siyasi çevrələrdə xeyli dərəcədə narahatlıq yaranmasına səbəb oldu. Amma mənim düşüncəmcə, narahatlığa əsas yoxdur. Çünki Azərbaycan cəmiyyəti hazırda elə bir durumdadır ki, münasibətləri yumşaltma məcrasına çəkmək həm cəmiyyətin maraqları baxımından, həm də hakimiyyətin maraqları baxımından daha önəmlidir. Çünki cəmiyyətdə kin, aqressiya, nifrətin alovlanması bu gün də olmasa, bir il də olmasa, nə vaxtsa ciddi fəsadlara səbəb ola bilər.
Amerikanın Səsi: Avropa məhkəməsinin İlqar Məmmədov, Əli İnsanov və digər şəxslərlə bağlı qərarları sonadək yerinə yetirilməyib. Fikrinizcə, hökumətin bu cür davranışı nə ilə bağlıdır?
İstər Əli İnsanov olsun, istərsə də İlqar Məmmədov olsun, hər iki şəxsə qarşı çox ciddi şəxsləşmiş bir nifrəti müşahidə edirik. Əslində isə Əli İnsanov hər kəsin gözü qarşısında ikinci dəfə siyasi motivlərlə həbsə məruz qalmış şəxsdir.
Anar Məmmədli: Hökumət birmənalı şəkildə göstərməyə çalışır ki, beynəlxalq təşkilatların Azərbaycanda legitimliyi onun siyasi iradəsindən asılıdır. Yəni beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqları ilə bağlı məsələdə tutduqları mövqe deyil, hakimiyyətin mövqeyi önəmlidir. Daha çox hakimiyyət bu məsələlərlə bağlı qərar vermək iqtidarındadır. Bunu göstərməyə çalışır. İkinci bir məsələ isə adını çəkdiyiniz şəxslərlə bağlı hakimiyyətin çox yüksək səviyyəsində, mən deyərdim ki, uzun illər müşahidə edilən bir nifrət var. Yəni, istər Əli İnsanov olsun, istərsə də İlqar Məmmədov olsun, hər iki şəxsə qarşı çox ciddi şəxsləşmiş bir nifrəti müşahidə edirik. Əslində isə Əli İnsanov hər kəsin gözü qarşısında ikinci dəfə siyasi motivlərlə həbsə məruz qalmış şəxsdir. Bu, Azərbaycan tarixində ilk hadisədir ki, bir şəxs 11 illlik həbs müddətini çəkdikdən sonra yenidən həbsə məruz qalıb. Bu, ona qarşı barışmaz siyasi münasibətin göstəricisidir. İlqar Məmmədov da onun kimi. İlqar Məmmədovun məsələsi artıq o səviyyəyə gəlib çatıb ki, yaxın 2-3 ayda onunazadlıq məsələsi həll olunmazsa, bu, Azərbaycanın Avropa Şurası strukturlarında üzvlüyü ilə bağlı məsələlərə, - mən deməzdim üzvlüyün tamamilə dayandırılmasına, amma bir sıra strukturlarda səsvermə hüququnun və təmsilçilik hüququnun dondurulmasına səbəb ola bilər. Bu 2-3 ayamı, 5 ayamı baş verəcək deyə bilmərəm. Amma bu məsələ sonunclanmalıdır, yekunlaşmalıdır.
Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?
İmkan vermək olmaz ki, Azərbaycanda hakimiyyətin alternativi kimi marginal, ekstremist, dini, militarist meylli qruplar yer alsın.
Anar Məmmədli: Azərbaycanda vəziyyətdən çıxış yoluna iki kontekstdən baxmaq olar. Bir cari yaradılmış ictimai-siyasi situasiyadan çıxış yolları, bir də strateji olaraq ölkənin böhrandan çıxış yolu. Ölkədə bir böhran var, siyasi böhran var. Bu, görünür. Bəlkə bu proseslərin dərindən izləməyən insanlar üçün görünmür. Amma ölkənin siyasi həyatında çox ciddi siyasi böhran var. Bu böhrandan çıxış yolu birinci növbədə, demokratik qüvvələrə sərbəst fəaliyyət imkanlarının yaradılmasıdır. İmkan vermək olmaz ki, Azərbaycanda hakimiyyətin alternativi kimi marginal, ekstremist, dini, militarist meylli qruplar yer alsın. Bu gün Azərbaycan cəmiyyətində bizim tanıdığımız siyasi qüvvələr, tutaq ki, Respublikaçı Alternativ Partiyası, Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və yaxud adını çəkmədiyim digər siyasi qruplar, bunlar hakimiyyət üçün qorxulu siyasi qüvvələr deyil. Bu qruplar demokratiyaya bağlı, insan hüquq və azadlıqlarını müdafiə edən qüvvələrdir. Amma bunlara qarşı təzyiqlər, deyək ki, REAL Partiyası üzvlərinin həbsi, saxlanması, xəbərdarlığı, bu cəmiyyətdə nifrət yaradır. Cəmiyətdə antoqonist münasibətləri kəskinləşdirir və qeyri-demokratik qüvvələrə (ekstremist, radikal, diniqruplara) imkan verir ki, cəmiyyətdə demokratiyanın işlək olmamasına, demokratiyaya keçidin dinc şəkildə baş verməyəcəyi ilə bağlı öz mövqelərini, təbliğatlarını gücləndirsinlər. Bu gün biz təsdiq edə bilmərik ki, xeyli sayda qruplar var ki, onlar marginal şəkildə olsa da düşünürlər ki, seçkilər, dinc yolla ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq, indiki formatda demokratik dəyişikliklərə nail olmaq mümkünsüzdür. Başqa metodları təbliğ edirlər. Hakimiyyət də dolayısı ilə bu qüvvələrin əlinə işləmiş olur.