Zərdüşt Əlizadə: Moskva əmindir, Ermənistanın gedəcəyi yer yoxdur [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Politoloq Amerikanın Səsinə müsahibəsində Ermənistanda son durumdan danışıb

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Ermənistanda son durum və Dağlıq Qarabağ probleminin həllinə təkan verəcək amillərdən danışıb.

Amerikanın Səsi: Fikrinizcə Ermənistanda siyasi böhran nə qədər davam edəcək? Bunun nəticələri nə olacaq?

Əgər biz Azərbaycanın suverenliyini bu və ya digər formada bərpa etmək istəyiriksə, onda gərək, Azərbaycan hökuməti olaraq sülhün potensialından istifadə etməyi bacaraq.

Zərdüşt Əlizadə: Siyasi böhran dedikdə, ölkənin baş nazirsiz qalmasını deyirsinizsə, mayın 8-də bu məsələ çox güman ki, həll olunacaq. Nikol Paşinyan seçiləcək. Bundan sonra Nikol Paşinyanla oturuşmuş, mütəşəkkil hakim zümrənin münasibətləri necə qurulacaq? Bu, daha dərin böhrana gətirəcəkmi və ya ümüumi dil tapıb hansısa məqbul islahatlara gedəcəklərmi, onu mən deyə bilmərəm. Çünki bu, erməni cəmiyyətinin siyasi mədəniyyətindən asılıdır. Hal-hazırda onlar çox böyük bir nəəşə içindədirlər. Xüsusilə, hesab edirlər ki, onlar dünyaya, xüsusilə qonşularına gözəl bir ibrət, demokratiya dərsi veriblər, guya biz buna heç layiq deyilik, anlamırıq. Azərbaycan tərəfi bunu çox gözəl anlayır, bunun təhlükələrini də, Ermənistanın hansı vəziyyətdə olduğunu da bilir. Ermənistanın iradə məhdudiyyətlərini çox gözəl anlayır. Azərbaycan nə etməlidir? Mənə elə gəlir Azərbaycan iki amildən çıxış etməlidir. Birinci amil, biz həqiqətən də Azərbaycan hakimiyyətini, Rusiyanın xeyir-duasını saxlamaq istəyiriksə onda Rusiya ilə əlaqələndirilmiş bir siyasət yürütməliyik. Rusiya desə vur, vurmalıyıq, desə qal qalmalıyıq. Yox, əgər biz Azərbaycanın suverenliyini bu və ya digər formada bərpa etmək istəyiriksə (təbii ki, əvvəlki formada mümkün olmayacaq, amma güzəştli sülh mümkündür) onda gərək, Azərbaycan hökuməti olaraq sülhün potensialından istifadə etməyi bacaraq. Sülhün potensialını ortaya qoymalıyıq. Azərbaycanın erməni xalqına nifrət təbliğatına son qoymalıyıq, barış və güzəşt təkliflərinə imkan verməliyik. Bu Azərbaycan hökumətinin mövqeyi ola bilər.

Amerikanın Səsi: Rusiyanın Ermənistandakı siyasi böhranda rolu nə qədərdir?

Belə halda Rusiya qərara gəldi ki, gəl vaxtı ilə Azərbaycanda sınaqdan çıxmış üsulu həyata keçir. Müxalifətə bu imkanı verək. Onsuz da onlar qəfəsin içindədirlər.

Zərdüşt Əlizadə: Həlledicidir. Mənə elə gəlir ki, Rusiya müəyyən ana qədər Respublikaçılar Partiyasını, “Qarabağ klanı”nı saxlamaq istəyirdi, müəyyən andan sonra, görəndə ki, əksəriyyət, müxalifət çox qəzəblidir və kəskin qarşıdurmaya gedə bilər, belə bir şəraitdə onların, Ukrayna, Suriya böhranları var, ümumrusiya daxili böhran var, hələ Putin andiçmə mərasimindən keçməyib və sair. Hələ sanksiya siyasəti var, sanksiya siyasəti hələ çox baş ağrıdacaq. Rusiyanın hakimiyyət zümrəsinin daxilində çatlar əmələ gəlir. Bunu müşahidə etmək mümkündür. Belə halda Rusiya qərara gəldi ki, gəl vaxtı ilə Azərbaycanda sınaqdan çıxmış üsulu həyata keçir. Müxalifətə bu imkanı verək. Onsuz da onlar qəfəsin içindədirlər. Qarabağ münaqişəsinin səmərəsiz milli məfkurəsinin yaratdığı qəfəsin içindədirlər. Böyük Ermənistan, soyqırım, müstəsna hal, qədim mədəniyyət, Qarabağ bizimdir və sair. Bu qəfəsin divarlarıdır. Bu divarların içində oturan Ermənistanın hakim zümrəsi, Ermənistan xalqı hansısa bir demokratik seçim edə bilməz. Onlar məhkumdur. Bu qəfəsdən, məfkurə qəfəsindən istənilən çıxmaq cəhdləri cəmiyyət tərəfindən, cəmiyyət içərisindəki mütəşəkkil qüvvələr tərəfindən qətiyyətlə qovulacaq və alınmayacaq. Ona görə Rusiya əmindir ki, Ermənistanın qaçacağı, gedəcəyi yer yoxdur. Yaxşı, olmasın Serjik, olsun Nikol. Qoy görək nə edir? Əvvəl-axır yenə Moskvaya gələcək. Özü də səhvlər buraxacaq. Xüsusilə də son vaxtlar Rusiyadakı erməni milyarderlərinin Ermənistana təsiri güclüdür, Ermənistanın Rusiya iqtisadiyyatından asılılığı şəksizdir. Belə bir şəraitdə Rusiya Ermənistana baş qoşmaq istəmir, deyir qoy müxalifət nə istəyir eləsin.

Amerikanın Səsi: İndiki şəraitdə, yəni siyasi böhran şəraitində və siyasi böhrandan sonra yeni hökumət qurularsa Azərbaycan hansı addımları atmalıdır?

Azərbaycan hakimiyyətinin Azərbaycan vətəndaş cəmiyyətinə qarşı yürütdüyü “Səlib yürüşü”nə son qoymaq lazımdır.

Zərdüşt Əlizadə: Mən bayaq ərz etdim ki, əgər biz Rusiyanın imzası ilə hərəkət ediriksə, onda gərək onların vur, yıx, hədələ, lənətlə siyasətini həyata keçirək. Yoxsa, əgər biz Qarabağı qaytarmaq haqqında düşünürüksə və yaxud hansısa sabit Cənubi Qafqaz haqqında düşünürüksə, onda gərək biz, əvvəla çox təmkinli olaq, özümüz bu mərhələdə barış potensialından istifadə edək. Barış təkliflərini hazırlayaq. Buna gərək hakimiyyətin düşünən insanları olsun. Onlar gərək imkan verəydilər ki, vətəndaş cəmiyyəti erməni vətəndaş cəmiyyəti ilə əlaqələri genişləndirsin, intensivləşdirsin. Onlar bura dəvət edislin, bizimkilər ora getsin. Qarabağ ermənilərini bura dəvət etsinlər. Yəni barış potensialını işə salsınlar. Dağlıq Qarabağın güzəştli statusunu müzakirə etsinlər. Dəflərlə deyilib, - Alan modeli, Tirol modeli, İspaniya, İrlandiya modeli və sair. Azərbaycan hakimiyyəti Tatarıstan modelindən danışıb. Bu ünsürlərdən ibarət hansısa sintetik bir Dağlıq Qarabağ modeli icad etmək olar. Bunun üçün gərək hökumət vətəndaş cəmiyyətindən, güclü ekspertlərdən, iqtisadçılardan, tarixçilərdən, ekoloqlardan ibarət bir qrup yaratsın. Əsas odur ki, Azərbaycan hakimiyyətinin Azərbaycan vətəndaş cəmiyyətinə qarşı yürütdüyü “Səlib yürüşü”nə son qoymaq lazımdır. “Səlib yürüşü”nün axırı qanlı inqilabdır, qanlı toqquşmadır. Nə qədər xalqın ağzını, beynini yumacaqsan, deyəcəksən sən Əli Həsənovun dediyi ilə otur-dur (Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi nəzərdə tutulur-red). Əli Həsənovun dediyi Azərbaycanın vəziyyəti bəllidir. Bu yaxında beynəlxalq göstəriciləri elan etdilər. Azərbaycanda orta maaş Ermənistandan da, Gürcüstandan da azdır. Biabrıçılıqdır, biabırçılıqdır. Bunun axırı əvəl-axır bir dərin böhran olacaq. Yuxarı səviyyədəki çatları hamı görür, hamı bilir. Belə bir anda ölü, durmuş siyasətdənsə, dinamik, müətəhərrik, zəmanə ilə, vəziyyətlə uyğunlaşan bir çevik siyasət aparılmalıdır. Bu da yalnız və yalnız Qarabağ probleminin həlli üçün atılan qəti addımlardan keçir. Burada da yalnız barış potensialını işə salmaq lazımdır.

Qeyd: Öz növbəsində Azərbaycan hökuməti bir qayda olaraq insanların bütün fundamental hüquqlarının, o cümlədən birləşmək hüququnun tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri ölkədə uğurlu daxili və xarici siyasət aparıldığını bildirir.