Aprelin 19-da prezident İlham Əliyev danışıqlar aparmaq üçün Bakıya gəlmiş Avropada NATO qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşüb.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edilib.
Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu bildirərək, Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd edib. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkənin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğulayıb.
Körtis Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkənin ev sahibliyi etdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti ümidvar olduğunu bildirdi ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.