Aprelin 6-da İranın xarici işlər naziri Cavad Zərif Bakıdan Naxçıvan Muxtar Respublikasına gedib.
İRNA agentliyinin məlumatına görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüş zamanı C.Zərif bu regionun İranla əlaqələrinin möhkəmləndirilməsinə tərəfdar olduğunu deyib.
Energetika sahəsində birgə layihələri qeyd edən C.Zərif əlavə edib ki, sənaye istehsalı, heyvandarlıq, səhiyyə, əczaçılıq, turizm, tranzit və qida sənayesi sahələrində əməkdaşlıq üçün yaxşı zəmin var.
İranın xarici işlər naziri bank əlaqələrinin, tələbə və alim mübadiləsinin yaxşılaşdırılmasına, həmçinin Naxçıvanla Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında münasibətlərin qurulmasına çağırıb.
O, Naxçıvan və Təbriz şəhərləri arasında əlaqələrin möhkəmləndirilməsinə çağırıb.
Öz növbəsində V.Talıbov deyib ki, İranla münasibətlər bütün sahələrdə inkişaf edir.
"İran sakinləri Naxçıvana sərbəst gəlib-gedirlər, turistlərin sayı artır, iranlı tələbələr öz təhsillərini problemsiz davam etdirirlər", o bildirib.
Xatırladaq ki, C.Zərif Qoşulmama Hərəkatı ölkələrinin nazirlər konfransında iştirak etmək üçün Bakıya gəlib.
O, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzində də olub.