ADR Hərəkatı prezidentliyə namizədlərin gəlirlərinin açıqlanmasını tələb edir (Siyavuş Novruzov və Zahid Orucla müsahibə-audio)

Prezident seçkiləri-plakat

Prezidentliyə namizədlər gəlirləri və əmlakı barədə MSK-ya məlumat verildiyini bildirir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə aprelin 11-də prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin "Seçki Məcəlləsi"nin tələbinə uyğun olaraq gəlirləri, torpaq sahəsi, yaşayış sahəsi, mənzillər, bağlar, qaraj və digər bina, tikili, avadanlıqlar, eləcə də nəqliyyat vasitələri barədə məlumat verilməsi barədə sorğu ilə müraciət edib. Bu barədə ADR Hərəkatı məlumat yayıb.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

ADR Hərəkatı: "Prezidentliyə namizədlərin gəlirləri və əmlakı barədə məlumat açıq olmalıdır"

ADR Hərəkatı məlumat üçün bildirir ki, Azərbaycan Seçki Məcəlləsininin 58-ci maddəsi ilə müəyyən edilən seçki sənədlərinə prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında əmlak barədə məlumat daxildir.

“Seçki Məcəlləsinin 58.3-ci maddəsində göstərilir ki, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Odur ki, seçicilər üçün maraq kəsb etdiyini nəzərə alaraq Seçki Qanununun şəffaflıq və hesabatlılıqla bağlı tələblərinə əməl edərək Seçki Məcəlləsinin 5 saylı əlavəsində göstərilən torpaq sahəsi, yaşayış sahəsi, mənzillər, bağlar, qaraj və digər bina, tikili, avadanlıqlar, nəqliyyat vasitələri, eləcə də seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün gəlirləriniz və onların mənbələri haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasını təmin edin”, deyə ADR Hərəkatı MSK sədrinə məktubla müraciət edib.

ADR Hərəkatı sorğusuna cavab verilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirir.

Mərkəzi Seçki Komissiyasının saytı

MSK-nin internet saytı

MSK-nin saytında prezidentliyə namizədlərin gəlirləri və əmlakı barədə, o cümlədən 8 namizədin hər birinin gəlir və əmlakı barədə axtarışa cavabda saytda belə bir məlumatın olmadığı bildirilir.

MSK-nin mətbuat xidmətindən isə prezidentliyə namizədlərin gəlir və əmlakı ilə bağlı Amerikanın Səsinin sualına cavab almaq mümkün olmayıb.

Siyavuş Novruzov

Siyavuş Novruzov: "Seçki Məcəlləsi"ni oxusunlar..."

Prezidentliyə namizəd İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Suyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində bu tələbi irəli sürən qurumlara “Seçki Məcəlləsi”ni oxumağı təklif edir.

Your browser doesn’t support HTML5

Siyavuş Novruzov: "Seçki Məcəlləsi"ni oxusunlar..."

“Seçki Məcəlləsi”ndə göstərilir ki, namizəd seçki vərəqələri ilə birlikdə gəlirləri, mülkiyyəti, vergi ödəmələri haqqında təsdiq olunmuş geniş məlumatı MSK-ya təqdim edir. Əgər o səndələr olmasa MSK onları qeydiyyata almalı deyil. Bu sənədlərin siyaısı “Seçki Məcəlləsi”ndə gösətrilib. Getsinlər oxusunlar, öyrənsinlər, baxsınlar. Elə, cəmiyyətə yalandan informasiya verirlər”, o qeyd edib.

Onun sözlərinə görə, hər bir namizəd seçki gününə 30 gün qalmışadək bu sənədləri təqdim edib.

“Artıq bu səndlər təqdim olunub və MSK-nin saytında da yerləşdirilib. Eyni zamanda namizədlərin maliyyə hesabatları da MSK-nin saytında yerləşdirilib”.

O təmsil etdiyi partiyanın namizədi ilə bağlı məlumatlarla bağlı sualın cavabında deyib ki, MSK-ya təqdim edilib.

“Kim istəyirsə MSK-ya müraciət etsin, həmin məlumatları alsın”, Novruzov deyib.

Zahid Oruc

Zahid Oruc: Məlumatları ictimailəşdirməyə hazıram

Prezidentiyə namizəd Zahid Oruc Amerikanın Səsinə bildirib ki, seçki qanunvericiliyinin tələbinə uyğun olaraq imza vərəqlər ilə bərabər gəlir bəyannaməsi və əmlakı ilə bağlı məlumatları təqdim edib.

Your browser doesn’t support HTML5

Zahid Oruc: Məlumatları ictimailəşdirməyə hazıram

“Doğrudur bu məlumatların elektron informasiya vasitələrində yayılması MSK-nin səlahiyyətindədir. Lakin öz tərəfimdən deyə bilərəm ki, yaşadığım evin, bağ sahəsinin və başqa bir torpaq yerinin məlumatı, ünvanı, dövlət reyestrindən çıxarış aktı, həmçinin son bir ildə Milli Məclisin deputatı kimi ailə büdcəmizə daxil olan vəsaitin miqdarı orada göstərilib və bu məsələdə hər hansı problem mövcud deyil”.

O bununla bağlı aparılan kampaniyanı əsassız adlandırıb.

“Məndə olan məlumata görə prezidentliyə namizədlərin hamısı bu məlumatları MSK-ya təqdim edib. Bu ayrı məsələnin mövzusudur ki, bu məlumat nə qədər ictimiyyətə əl çatandır və ya cəmiyyətə təqdim edilib. Bu qanunvericiliklə müəyyənləşib və namizədlərin səlahiyyətinə aid deyil. Mənə fərdi qaydada müraciət edilsə məlumatları ictimailəşdirməyə hazıram”, namizəd Amerikanın Səsinə deyib.