Azərbaycan və İran çoxsaylı sənədlər imzalayıb

İran prezidenti Həsən Ruhani Azərbaycanda səfərdədir. Martın 28-də prezident İlham Əliyevin İran prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Görüşlərin nəticəsi olaraq Azərbaycanla İran arasında uşaq, qadın, ailə, gənclər, idman, mədəniyyət, turizm, səhiyyə, enerji, ticarət və iqtisadiyyat sahələrini əhatə edən sənədlər imzalanıb.

İki ölkə həmçinin “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında” Anlaşma Memorandumu, “Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş” imzalayıb.

İran prezidenti Həsən Ruhani bildirib ki, İran Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyi, suverenliyi hesab edir.

“İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik", Ruhani qeyd edib.

İlham Əliyev və Həsən Ruhani

Onun sözlərinə görə, regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir.

“Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun”.

İran prezidenti deyib ki, keçmişdə razılaşdıqları məsələlər bu gün öz töhfəsini verir.

“Sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək", o qeyd edib.

Prezident Əliyev isə bildirib ki, İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb.

"Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat - bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanan sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək”.

Həsən Ruhani iqtisadi layihələrdən danışarkən deyib ki, bu layihələr bütün bölgənin xeyrinədir.

“Şimal-Cənub" dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla, hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaq. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir", o bildirib.

İlham Əliyev və Həsən Ruhani

Həsən Ruhani çıxışı zamanı Xəzər dənizi ilə bağlı məsələyə də toxunub:

"Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıb. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir”.

İran prezidenti iki ölkənin bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair baxışlarının oxşar olduğunu qeyd edib.