Bu günlərdə siyasi mühacir Vidadi İsgəndərlinin Göyçay rayonunda atasının qəbrini təhqir ediblər. Təhqirin əks olunduğu video YouTube kanalında yerləşdirilib. Qəbri təhqir edən şəxslər Vidadi İsgəndərlidən təhqirlərini dayandırmasını tələb edib.
Vidadi İsgəndərli Azərbaycanın prokurorluq orqanlarında işləyib. Vəzifədən azad edildikdən sonra müxalifətə keçib və hüquq müdafiə fəaliyyəti ilə məşğul olub. Bir neçə dəfə həbs edilib. 2015-ci ildə mühacirətə gedib.
İsgəndərli Azərbaycan hökumətini, yüksək vəzifə tutan şəxsləri, onların ailə üzvlərini, Milli Məclisin deputatlarını kəskin emosional tənqidləri ilə tanınır.
Atasının qəbrinin təhqirindən sonra İsgəndərli YouTube kanalında prezident İlham Əliyev, onun atası Heydər Əliyev, ailə üzvləri, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə bağlı kəskin tənqidi video-müraciətini yerləşdirib. İsgəndərli prezident Əliyevə müraciətində atasının qəbrini təhqir edənlərin dərhal tapılıb həbs edilməsini tələb edir.
“Atam Sovet İttifaqı Qəhrəmanıdır. Atamın qəbrinə qarşı vandallıq edənlərin iki gün müddətinə tapılmasını tələb edirəm”, o qeyd edib.
İsgəndərli video müraciətində həmçinin deyir ki, İlham Əliyev qəbri təhqir edənlərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.
“Mən iki sutka vaxt verirəm. İstəyirəm k, bu vandalizm ilə bağlı mövqeyinizi bildirəsiniz”, o deyib.
Öz növbəsində, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, hər bir insan mübarizəsini kişi kimi aparmalıdır.
“Daha Vidadi İsgəndərli kimi, ayrı-ayrı insanların şəxsi həyatını, ailəsini və qohumlarını öz çirkin mübarizəsinə şərik etməməlidir. Bu, etik normalara sığmayan hərəkətdir. Ay Vidadi İsgəndərli, siyasi mübarizəni belə, kişi kimi aparmaq lazımdır! İndi qaçıb Avropada gizlənmisən deyə, insanların ailəsi və övladları haqqında çirkin, əxlaqsız və yalan fikirlər söyləməlisən?" o, yerli medianın sorğusuna cavabında sual edib.