Bloger bacılarının evinə basqın olduğunu bildirir

Orduxan Temurxan

Hollandiyada yaşayan mühacir, Azərbaycan rəsmilərini kəskin tənqidləri ilə tanınan bloger Orduxan Teymurxanın Bakının Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yaşayan yaxın qohumlarına təzyiqlər edilir. Bu barədə blogerin özü facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, mülki geyimli şəxslər bacılarının evinə basqın edib, evlərinin qapısını sındırıb. Bloger mülki geyimdə olan şəxslərin polis olduğunu və bacısı oğlanlarının saxlanıldığını bildirir.

Orduxan Temurxan bacılarının ailələrinə və digər qohumlarına təzyiqlərin onun tənqidi çıxışları ilə bağlı olduğunu iddia edir.

“Mənim on ildən çoxdur ki, ailəmlə hər hansı əlaqəm yoxdur. Mənə görə ailə üzvlərimin təzyiqə məruz qalması Azərbaycanın qanunvericiliyinə, Azərbaycanın beynəlxalq öhdəliklərinə və milli mentalitetimizə ziddir. Mənimlə mübarizə apara bilmirlər, ailə üzvlərimə təzyiq edirlər”, bloger qeyd edib.

Rəsmi qurumlar Temurxan Orduxanın yaydığı məlumata hələ münasibət bildirməyib.

Bundan əvvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarına oxşar münasibətlə bağlı məlumatlar yayılıb.

2017-ci il fevralın 18-də blogerin ailə üzvlərinə təzyiqlərlə bağlı məlumatlar yayılıb. Həmin vaxt Suraxanı rayon Məhkəməsində blogerin qardaşı Xanlar və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb.

Qərarda iddia olunurdu ki, blogerin qohumları fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıb.

Onların vəkilləri ittihamın qurama olduğunu açıqlayıb.