Nemət Pənahlı: 20 Yanvarda xalqa edilən xəyanət açılmayıb [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Nemət Pənahlı: 20 Yanvarda xalqa edilən xəyanət açılmayıb

Milli Azadlıq Hərəkatının liderlərindən Nemət Pənahlının Amerikanın Səsinə müsahibəsi

Milli Azadlıq Hərəkatının liderlərindən Nemət Pənahlı Amerikanın Səsinə müsahibəsində 20 Yanvar hadisələrinin tarixi dərslərindən danışıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfərhəbs edilib.

Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

Amerikanın Səsi: 20 Yanvar hadisələrindən 28 il keçir. Bu hadisələrin tarixi dərslərinin Azərbaycanın hazırki daxili və xarici siyasətinə təsirləri varmı?

Çox təəssüflər olsun ki, 20 Yanvar cinayətləri ört-basdır edilib, millətin azadlıq və istiqlaliyyəti uğrunda mübarizə aparan insanlar Sovet dövründən qat-qat faciəvi həyat tərzinə məhkum edilib.

Nemət Pənahlı: Tarixin ibrət dərslərindən nəticə çıxarmayan millətlər yeni-yeni faciələri yaşamağa məhkumdur. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti (istər müxalifət, istər hakimiyyət) tarixin ibrət dərslərindən nəticə çıxarmayıb. Yəni, biz milli azadlıq uğrunda 20 Yanvarda qan tökdük ki, müstəqil dövlət yaradaq, demokratik dövlət qurulsun, milli haqlarımız, milli hüquqlarımız bərpa edilsin. Ancaq təəssüflər olsun ki, bu gün Azərbaycanda qan bahasına alınan müstəqillik dövründə bütün milli hüquqlar tapdalanır, insan haqları tapdalanır. Ədalətli bir cəmiyyət yaradılmayıb. Ona görə, demək dərs çıxarılmayıb. Sovet rejimi ən qəddar dikatatura idi. O rejim insanların haqlarını tapdaladığına görə, sonda millətlər ayağa qalxdı və imperiyanı darmadağın edib öz müstəqilliyinə nail oldu. Tarix boyu heç bir dikatator, heç bir qəddar rejim millətin faciələri üzərində öz xoşbəxtliyini quraraq əbədi yaşaya bilməz. Çox təəssüflər olsun ki, 20 Yanvar cinayətləri ört-basdır edilib, millətin azadlıq və istiqlaliyyəti uğrunda mübarizə aparan insanlar Sovet dövründən qat-qat faciəvi həyat tərzinə məhkum edilib. Sovet rejiminə xidmət edən, istiqlaliyyətin düşməni olan insanlar isə ən yüksək səviyyədə təmin edilib, ən yüksək səviyyədə vəzifələrə, rütbələrə çəkilib.

Amerikanın Səsi: 20 Yanvar hadisələrinin ölkənin demokratik inkişafında hansı rolu var?

Ədalətli dövlət yarananda bütün vətəndaşlar qanun qarşısında, hüquq qarşısında bərabər olur, ölkənin milli sərvətləri vətəndaşlar arasında ədalətlə paylanır.

Nemət Pənahlı: Çox təəssüflər olsun ki, heç bir rolu yoxdur, olmayıb. Əgər 20 Yanvardan dərs çıxarılsa idi, demək, milli-azadlıq mübarizəsinin yekunu milli dövlətin yaradılması ilə nəticələnir. Yəni, milli dövlət də millətin bütün maraqlarınının təmsilçisidir, millətin ümumi bir evidir. Ədalətli dövlət yarananda bütün vətəndaşlar qanun qarşısında, hüquq qarşısında bərabər olur, ölkənin milli sərvətləri vətəndaşlar arasında ədalətlə paylanır. Dövlət ədalətin rəmzidir. Yəni ədalətin təməli dövlətdir. Əgər, dövlətdə ədalət yoxdursa, ədalətli cəmiyyət qurulmayıbsa demək millət hələ məqsədinə tam şəkildə nail olmayıb.

Amerikanın Səsi: 20 Yanvar hadisələrində insanların kütləvi qırğınına görə hüququ məsuliyyət daşıyanların indiyədək istintaqa cəlb edilməməsinin səbəblərini necə izah edərdiniz?

Onlar milli-azadlıq hərəkatında mübarizə aparan insanları günahlandırdılar, günahları onların üzərinə yıxmağa çalışdılar.

Nemət Pənahlı: Birinci səbəb odur ki, o dövrdə 20 Yanvar qırğınının günahkarları, qatilləri kim idi? Başda Mixail Qorbaçov (keçmiş SSRİ-nin prezidenti-red), Dmitri Yazov (keçmiş SSRİ-nin müdafiə naziri-red) olmaqla SSRİ rəhbərliyi, Azərbaycanda isə Ayaz Mütəllibov (Azərbaycanın keçmiş prezidenti-red), Əbdürrəhman Vəzirov (Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi-red), yəni kommunist rəhbərliyi. Təbii ki, bunlar özləri törətdiyi cinayətə görə özlərini mühakimə edə bilməzdilər. Onlar milli-azadlıq hərəkatında mübarizə aparan insanları günahlandırdılar, günahları onların üzərinə yıxmağa çalışdılar. Sonrakı mərhələdə də çox təəssüflər olsun ki, Xalq Cəbhəsi hakimiyyətə gəldi. Xalq Cəbəhəsi də o dövrdə kommunistlərlə əməkdaşlıq etdiyinə görə, faktiki olaraq (mən dəfələrlə demişdim) komblok, demblok, partokrat, cəbhəkrat, yəni Azərbaycanın bütün bu tarixi faciələrinin üzərində bunların əməkdaşlığı olub. Elə bil ki, bir-birinin dublyoru olublar. Kommunist Partiyası iflasa gedəndən sonra, Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə xalqa edilən heç bir xəyanət açılmadı, cinayətkarlar cəzalandırılmadı. KQB-nin (keçmiş Dövlət Təhlükəsizlik Komitəsi-red) arxivi xalqdan gizlədildi. Millətə 70 ildə edilən (Sovet dövrü nəzərdə tutulur-red), o cümlədən 1988-ci ildə edilən milli xəyanətlərin, xəyanətkarların heç biri cəzalandırılmadı, heç biri mühakimə edilmədi. Əksinə, biz Xalq Cəbhəsi hakimiyyəti dövründə bunu tələb edəndə məni həbs edib, saldılar zindana. Miralim Bəhramovu (Xalq Cəbhəsinin Cəlilabad rayon təşkilatının sədri olub, 1990-cı il yanvarın 13-də SSRİ-nin İranla sərhəddinin dağıdılmasına rəhbərlik edib-red) həbs edib, saldılar zindana. Çünki, biz tələb edirdik ki, xalqa qarşı edilən cinayətlər açılmalıdır, günahkarlar cəzalandırılmalıdır, satqınla, xainlə qəhrəman arasında fərq bilinməlidir. KQB-nin arxivləri açılmalıdır, xalqa çatdırılmalıdır, xalq həqiqətləri bilməlidir. Birinci mərhələdə mənim əleyhimə kampaniya apardılar ki, Nemət hamını xain, cinayətkar, agent sayır. O zaman bunlar iddia etdi ki, guya KQB-nin arxivi açılsa vətəndaş müharibəsi olar. Yəni ər görəcək ki, arvadı agentdir, arvad görəcək ki, əri agentdir. Bütün xalqı ona görə agent etdilər ki, öz agentliklərini gizlətsinlər. Mən onda tələb etdim ki, elə isə Xalq Cəbhəsinin İdarə Heyətinin, yəni mənim arxivimi, Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olan 15 nəfərin arxivlərini açın. Bunlar arxivləri aça bilməzdilər. Niyə? Ona görə ki, 20 Yanavar cinayətlərində də bunlar kommunistlərlə əməkdaşlıq etdilər. 20 Yanvar qanlarının üzərində hakimiyyət, mandat alveri etdilər. 20 Yanvar qanlarının üzərində gəlib parlamentə girdilər. Ona görə də bu açılsa idi, bu gün milli qüvvə kimi tanınan qüvvələrin nə qədər millətə xəyanət etdikləri bütün çılpaqlığı ilə meydana çıxacaqdı. Ona görə də milli hakimiyyət, milli dövlət yaranmadığına görə, təbii ki, millətə qarşı xəyanətləri də, millətə qarşı edilən cinayətləri də cəzalandırılmadı, cəzasız qaldı.

Əksinə, millət, vətən uğrunda mübarizə aparan insanlar maddi, mənəvi, siyasi cəhətdən hər cür formada repressiyaya, məhrumiyyətlərə məruz qaldı, müstəqillik dövründə zindanlara atıldı. Beləliklə, ölkədə bu günki faciəvi vəziyyət yarandı.