AND Düsseldorfda konfrans keçirib

AND təşkilatının konfransı (Foto Arif Məmmədovun səhifəsindən götürülüb)

Dekabrın 12-də Almaniyanın Düsseldorf şəhərində AND (Azərbaycan Naminə Demokratiya) Azərbaycanın siyasi mühacirlər təşkilatının konfransı keçirilib.

Görüşün təşəbbüsçüləri təşkilatın həmsədri, keçmiş diplomat Arif Məmmədov və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Konfransın fəxri qonaqları - Azərbaycan prezidentliyinə keçmiş namizəd, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu məruzə ilə çıxış edib.

Konfransın birinci hissəsi açıq keçirilib. İkinci hissə qapalı olub və təşkilatdaxili məsələlər müzakirə olunub.

Tədbir iştirakçısı, siyasi mühacir, DTK-MTN-in keçmiş zabiti Ramin Hacıyev konfransı "uğurlu və perspektivli" adlandırıb.

AND təşkilatının konfransı (Foto Arif Məmmədovun səhifəsindən götürülüb)

"Biz hərəkata 4-6 nəfərlə başladıq. Düsseldorfda isə Avropa ölkələrindən milliyyətindən, partiya mənsubiyyətindən aslıl olmayaraq 50-dən çox adam toplandı", o bildirib.

Öz növbəsində A.Məmmədov deyib ki, gələn il Brüsseldə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş böyük konfrans keçiriləcək. Tədbirə Avropa siyasətçiləri və aparıcı KİV-lər dəvət ediləcək.

"Əminik ki, həmin vaxta qədər minlərlə adam AND-a üzv olacaq. Almaniyada konfransdan sonra iki gün ərzində 200-dən çox adam bizim təşkilata üzv olmaq istədiyini bildirib.

Gələn həftə elektron anket yaradacağıq. Biz AND üzvləri üçün yeni üzvlük kartlarının layihəsini işləyib hazırlamışıq. Bunlar elektron ştrix kodlarla təchiz edilib. Aİ və AŞ strukturlarında üzvlük kartlarının tanınması üzərində iş aparırıq", - A.Məmmədov əlavə edib.