Asiyanın Qəlbi-İstanbul Prosesi iştirakçıları terrorizmə və narkotiklərin yayılmasına qarşı birgə mübarizəni dəstəkləyir

Asiyanın Qəlbi-İstanbul Prosesi

“Biz terrorçuluq, terrorçuluğa zəmin yaradan ekstremizm, radikallaşma, separatçılıq, məzhəbçilik və onlar arasındakı əlaqəni Əfqanıstanda, Asiyanın Qəlbi regionunda və ümumilikdə beynəlxalq dövlət sistemində sülh, təhlükəsizlik və iqtisadi inkişafa ciddi çağırış kimi görürük”. Bu barədə Asiyanın Qəlbi-İstanbul Prosesinin VII Nazirlər Konfransının dekabrın 1-də qəbul etdiyi Bakı Bəyannaməsində deyilir.

Bəyannamə Bakıda Asiyanın Qəlbi-İstanbul Prosesinin iştirakçı dövlətlərinin xarici işləri nazirləri və yüksək səviyyəli nümayəndələri: Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğız, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT tərəfindən qəbul edilib.

Bəyannamə eyni zamanda Avstraliya İttifaqı, Kanada, Misir , Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, İraq, Yaponiya, Polşa, Norveç, İspaniya, İsveç, ABŞ, Ağa Xan İnkişaf Şəbəkəsi, Asiya İnkişaf Bankı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası tərəfindən təqdir edilir və dəstəklənir.

Sənədi imzalayan və dəstəkləyən dövlətlər və təşkilatlar terrorçuluğun hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilməsinin əleyhinə olduğunu təsdiq edib.

“Biz Asiyanın Qəlbi regionunda terrorçu sığınacaqlarının dağıdılması, həmçinin heç bir fərq qoymadan terrorçuluğa bütün maliyyə, taktiki və logistik və ya hər hansı bir dəstəyin kəsilməsi də daxil olmaqla, terrorçuluğun bütün forma və təzahürlərinin aradan qaldırılması, xarici terrorçü döyüşçülər də daxil olmaqla, terrorçu və terror qruplarının hərəkətinin qarşısının alınması və qadağan edilməsinin təmini istiqamətində regional və beynəlxalq əməkdaşlığa çağırırıq. Bu xüsusda, biz dövlətləri terrorçuluqla mübarizə sahəsində müvafiq milli siyasətlərinə, beynəlxalq öhdəliklərinə və BMT-nin Qlobal Terrorçuluq Strategiyasına uyğun olaraq, bu terrorçu təsisatlara qarşı mübarizə aparmağa səsləyirik”, sənəddə qeyd edilir.

Sənədi imzalayan dövlətlər 11 yanvarda Qəndaharda, 31 mayda Kabulda və 7 noyabrda Calalabadda baş vermiş terror aktları da daxil olmaqla, Əfqanıstan, İran, Pakistan, Rusiya və dünyanın digər regionlarında yüzlərcə insanın həyatını itirməsi, xəsarət alması və ictimai və özəl mülkiyyətin dağıdılması ilə nəticələnən terror aktlarını qəti qınayır.

Sənəddə həmçinin Əfqanıstanda narkotik istehsalının artmasından narahatlıq ifadə olunur.

“Biz bu il Əfqanıstanda tiryəkin qeyri-qanuni becərilməsi və istehsalında müşahidə edilən kəskin artımdan, Asiyanın Qəlbi regionu və bu regionun hüdudlarından kənarda narkotik maddələrin dövriyyəsi həcmi, ticarəti, prekursorların ticarəti və qeyri-qanuni narkotik maddələrə artan tələbdən narahatıq. Bu, yalnız Əfqanıstanda deyil, ətraf regionda və ümumilikdə dünyada sosial-iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyə təhlükə yaradır”.

Sənədi imzalayan və dəstəkləyən qurumlar məhsula nəzarət, narkotik maddələrinin ticarətinin və prekursorların alveri istiqamətində hərtərəfli strategiyalar çərçivəsində təşviq edilməli alternativ inkişaf tədbirləri dəstəkləyir.

“Əfqanıstan və Asiyanın Qəlbi regionunda və dünyada narkotik maddələr probleminin həll edilməsi baxımından hərtərəfli yanaşmanın tətbiq edilməsinin vacib olduğuna inanırıq. Biz Əfqanıstanda, Asiyanın Qəlbi regionunda və dünyada qeyri-qanuni narkotik vasitələrdən əldə edilən gəlirlə terror təşkilatlarına maliyyə dəstəyi arasında mövcud olan əlaqədən qaynaqlanan ciddi problemlərə reaksiya verilməsinə ciddi ehtiyac olduğunu vurğulayırıq”, sənəddə qeyd edilir.