Prezident İlham Əliyev noyabrın 30-da Türkiyə və Pakistanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Xavaca Məhəmməd Asif ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.
Görüşlərin təfərrüatı ilə bağlı məlumat verilmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.
“Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib”, məlumatda qeyd edilir.
Tərəflər hər iki ölkənin iştirakçısı olduğu nəıqliyyat və neft-qaz layihələrinin regionun inkişafına və dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyini qeyd edib.
Nazirlər hər iki ölkənin iştirakçısı olduğu “Asiyanın Qəlbi” - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd etdib.
Nazir Elmar Məmmədyarov münaqişənin nizamlanması sahəsində Ermənistan-Azərbaycan danışıqları barədə məlumat verib.
Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd edib və Azərbaycan-Türkiyə-Pakistan formatının da iki ölkə arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildirib.Pakistan