Dəyirmi masada prezident seçkilərində iştirak dəstəklənib

Noyabrın 21-də Müsavat partiyasının qərargahında "2018-ci ilin Prezident seçkiləri: boykot, yoxsa iştirak?" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Milli Strateji Düşüncə Mərkəzi təşkil edib.

Dəyirmi masaya qatılan ictimai-siyasi qüvvələr 2018-ci il prezident seçkilərində iştirakı ən vacib məsələ kimi dəyərləndirib və prezident seçkilərində iştirakın tərəfdarı olduqlarını bildirib.

Mərkəzin rəhbəri İsa Qəmbər cəmiyyətdə istənilən seçkinin tərəfdarı və əleyhdarları olduğunu söyləyib.

Müstəqillik dövründə keçirilmiş prezident seçkilərini təhlil edən İsa Qəmbərə görə, ölkədə prezident seçkiləri zamanı aktiv boykot 1998-ci ildə, passiv boykot 2008-ci ildə təşkil edilib və heç biri nəticə verməyib.

İ.Qəmbərin fikrincə, ən real prezident seçkiləri 2003-cü ildə keçirilib.

"Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi", Müsavat Partiyasının keçmiş başqanı 14 il bundan öncə prezidentliyə namizəd olduğu seçkiləri xatırladıb.

O deyib ki, indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və seçki məcəlləsində demokratik dəyişikliklərə nail olmaqdır.

"Bu mənada Müsavat Partiyası "Seçki Məcəlləsi"ndə ən önəmli olan 5-6 istiqamət üzrə islahatlar aparılması üçün təkliflər paketi hazılayıb. Hesab edirik ki, məcəllədə dəyişikliklərə nail olmaq üçün indidən çalışmaq lazımdır, elə düşünmək lazım deyil ki, vaxt çox qalır, əslində vaxt çox azdır".

Eyni zamanda İ.Qəmbər seçkiyə hazırlaşmaq və cəmiyyətin potensialını toplaya bilmək üçün məsuliyyətli qərarlar qəbul etməyin zamanı gəldiyini vurğulayıb. Onun firkincə, burada həm də siyasi qüvvələrin funksional əməkdaşlığı üçün platforma yarana bilər.

Toplantıda ayrı-ayrı ictimai-siyasi qurumları təmsil edən şəxslər və seçki ekspertləri çıxış edərək ilkin növbədə seçkiyə qatılmağın vacibliyini vurğulayıb.

Bununla yanaşı informasiya vasitələrinin çoxunun hakimiyyətin nəzarətində olduğu deyilsə də, müxalifətin müasir texnologiya vasitələri, sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq kimi imkanları olduğunu bildiriblər.

Natiqlər prezident seçkilərində boykotun heç də səmərəli mübarizə üsulu olmadığını ifadə ediblər, 2015-ci ildən bu yana ağır sosial-iqtisadi durumla bağlı ölkədə protest elektoratının və müxalifətin seçki elektoratının artdığını söyləyib. Həm də 2018-ci ilin ölkədə cümhuriyyətin 100 illiyi kimi əlamətdar tarxilər xatıladılaraq bu seçkinin xüsusi əhəmiyyəti olduğunu nəzərə çatdırıblar.

Natiqlərə görə, hakimiyyət mövcud böhrandan çıxmaq üçün cəmiyyətə heç nə təqdim etmir, odur ki, alternativ təklifə tələbat yaranıb.

Sonda ictimai-siyasi qüvvələr seçkilərlə bağlı müzakirələrin davam etdirilməsi qərarı veriblər.

Xatırladaq ki, tədbirə Müsavat Partiyası, REAL Hərəkatı, Vətəndaş Həmrəyliyi Partiyası, vətəndaş fəalları qatılıb.