Azərbaycan və Monteneqro əlaqələrin inkişafında maraqlıdır

Elmar Məmmədyarov və Srcan Darmanoviç

Noyabrın 2-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Srcan Darmanoviçlə görüşüb.

Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafı qeyd edilib.

Elmar Məmmədyarov və Srcan Darmanoviç

Srcan Darmanoviç Azərbaycanın mürəkkəb regionda konstruktiv və sabitəşdirici rol oynadığını bildirib və tərəflər arasında mütəmadi yüksək səviyyəli dialoqu yüksək qiymətləndirib.

Nazirlər iki ölkə arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd edib.

"İki ölkə arasında 15 sənəd imzalanıb. Hazırda 4 sənəd layihəsinə baxılır. Monteneqro maraqlıdır ki, Azətbaycan qazı Monteneqro bazarına da çıxsın. Nəqliyyat dəhlizləri və turizm sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Biz dostluq əlaqələrimizi davam etdiririk. Siyasi baxımdan problem yoxdursa, hesab edirik ki, iqtisadi əlaqələri gücləndirməliyik", E.Məmmədyarov qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini qeyd edən E.Məmmədyarov strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirib.

Həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan şirkətlərinin Monteneqrodakı fəaliyyəti təqdir edilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilib.

Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Turizm, elm-təhsil, idman-gənclər, elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Məmmədyarov, nizamlanma ilə bağlı ölkəsinin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib.

Elmar Məmmədyarov və Srcan Darmanoviç

Montenegro naziri ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Naziri Srcan Darmanoviç bildirib ki, Monteneqronun baş naziri və parlament sədrinin Azərbaycana səfərləri hazırlanır.

Elmar Məmmədyarov Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edib-etməyəcəyi barədə jurnalistlərin sualıının vabaında deyivb ki, layihəni idarə edəcək müştərək əməliyyat şirkəti yaradılır.

“Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", nazir qeyd edib.