Noyabrın 1-də Tehranda prezidenti İlham Əliyevin və Rusiya prezidenti Vladimir Putinin görüşü olub.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin xüsusi xarakter daşıyıdığını bildirib. “Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir”, o qeyd edib.
V.Putin İlham Əliyevin və onun Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bildiyini deyib.
“Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir. Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik”, Rusiya prezidenti qeyd edib.
Prezident Əliyev Rusiya prezidenti il bu il ərzində dəfələrlə görüşlərini xatırladıb.
“Bizim görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır. Çünki biz münasibətlərin inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir”.
Əliyev Azərbaycanın Rusiya ilə münasibətlərinin strateji xarakter daşıyıdığını deyib.
“Biz həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir”, o qeyd edib.
Prezident Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünü də qeyd edib.
“Bu günkü görüş üçtərəfli Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam”, Azərbaycan dövlət başçısı qeyd edib.