İnsan hüquqları, demokratiya və qanunun aliliyi Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın mühüm məsələləridir və tərəflər arasında gələcək tərəfdaşlıq sazişinin tərkib hissəsidir. Bu fikri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas oktyabrın 31-də "Şərq Tərəfdaşlığı" ölkələri üçün 2015-2018-ci illər üzrə illik "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" görüşündə çıxış edərkən bildirib.
Görüşü açan Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, bu regional proqram hər bir ölkənin spesifik tələbatları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycanda "Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi", "Ədliyyə xidmətinin səmərəliliyinin və keyfiyyətinin artırılması", "Korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması bacarıqlarının artırılması", "Mətbuat və fikir azadlığı" layihələri həyata keçirilib və yekunlaşmaq üzrədir.
Bu layihələrin həyata keçirilməsində Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi, vətəndaş cəmiyyəti və mətbuat institutları tərəfdaşlıq edib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilmiş layihələrin ümumi dəyəri 4,6 mln. avro təşkil edib.
Hernyesin sözlərinə görə, "Şərq Tərəfdaşlığı"nın noyabrın 24-də keçiriləcək sammitində layihələrin həyata keçirilməsi üçün yeni istiqamətlər müəyyən ediləcək.
Aİ-nin Azərbaycan nümayəndəliyinin sədri Kestutis Yankauskas qeyd edib ki, insan hüquqları, demokratiya və qanunun aliliyi məsələləri oktyabrın 16-17-də Brüsseldə bu profil üzrə altkomitənin iclasında ətraflı müzakirə predmeti olub.
O qeyd edib ki, yuxarıda qeyd edilən layihələrlə yanaşı, Aİ Azərbaycana ikitərəfli əsaslarla yardım edir. Növbədə Probasiya Xidmətinin yaradılması və çirkli pulların yuyulmasına qarşı mübarizə potensialının artırılması üzrə layihələr var.
Bu yaxınlarda Aİ və Azərbaycan arasında imzalanan maliyyə sazişinə əsasən, əhalinin sosial cəhətdən az müdafiə olunan təbəqələrinə hüquqi yardım, məişət zorakılığına qarşı mübarizə üçün 3 mln. avro ayrılır.
"Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" çərçivəsində artıq həyata keçirilmiş layihələrə gəlincə, müəyyən nəticələrə baxmayaraq, daha çox hiss olunan nəticələrə ehtiyac var", deyə o bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin rəisi Fəxrəddin İsmayılov "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" çərçivəsində layihələrin faydalarını qeyd edib. Misal kimi o, Ədliyyə Akademiyası üçün insan hüquqları üzrə trenerlərin təlim keçməsini, bu bilikləri yeni kadrlarla paylaşmasını göstərib.
Digər müsbət nümunə kimi jurnalistika fakultəsi üçün kurrikulum hazırlanmasını qeyd edib.
Avropa Şurası/Avropa İttifaqının "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" proqramının koordinatoru Arkadi Sıtin bildirib ki, 4,6 mln. avro birbaşa yardımla yanaşı, Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri üçün çoxtərəfli regional layihələr çərçivəsində əlavə olaraq 2 mln. avro alıb.
Jurnalistlər üçün təqdimatdan sonra görüş iştirakçıları layihələrin yekunlarının müzakirələrini və 2018-ci üçün planları müzakirə ediblər.