Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsindəki videomüraciətində bildirib.
Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.
"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimivun şikayətini təmin etməyib.
Məhkəmə zalında insident baş verivb. Belə ki, şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edib. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranıb və oturduğu skamyada qan izləri görünüb.
Buna məhkəmə zalında olan fəalın atası Həsən İbrahimov dözməyib və hakimlərə etiraz edərək “allahlnız olsun”, “balalarınızın qarşısına çıxacaq” kimi ifadələr işlədib.
Vəkilin sözlərinə görə, sentyabrın 27-də Qiyas İbrahimov və atası Həsən İbrahimova ittiham elan edilib və təqsirləndirlən şəxs qismində cəlb ediliblər.
Həsən İbrahimov istintaqa bildirib ki, özünü təqsirli bilmir və hakimin qanunsuz hərəkətlərinə etiraz edib. Qiyas İbrahimov da özünü təqsirli bilmədiyini bildirib.
“Ekspertiza rəyləri ilə tanış olduq. Biz həmin rəylərlə razı deyilik. Ekspertiza rəyləri birtərəfli və qərəzli tərtib olunub. Ekspretiza rəyində hətta hakimə “balalarınızın qarşısına çıxacaq” deyilməsi məhkəməyə təhqir kimi qiymətləndirilib. Biz bunlarla razı deyilik. Növbəti həftə istintaqın bitməsi élan olunmalıdır. İş məhkəməyə göndəriləcək”, vəkil qeyd edib.
Elçin Sadıqov həmçinin bildirib ki, Qiyas İbrahimova havaların soyumasına baxmayaraq hələ matras (isti yorğan-döşək) verilməyib.
“Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qarşısında bu məsələni qaldırdıq. Dedilər yaxın günlərdə məsələ həll olunacaq”, o qeyd edib.