Avropa Şurası İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı vaxt qoyub (Yenilənib)

İlqar Məmmədov

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib. Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən katibliyə tapşırılıb ki, İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın. Layihədə ölkənin Avropa konvensiyasının 46 § 1 maddəsi (Avropa məhkəməsinin qərarını icra etməmək) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

Əgər 2017-ci il oktyabrın 25-dək İlqar Məmmədovun azadlığının təmin olunmasında irəliləyiş olmasa qətnamə komitənin həmin tarixdə keçiriləcək iclasına çıxarılacaq. Bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Avropa Şurasının 68 illik praktikasında 46-cı maddə hələ tətbiq edilməyib.

46-cı maddənin tətbiqinin mahiyyəti ondan ibarətdir ki, Nazirlər Komitəsi AİHM-in qərarlarının icra edilməməsi məsələsini məhkəmənin özünə verir. Əgər sonuncu belə nəticəyə gəlsə ki, qərarın icra edilməməsi halı baş verib və o, hüquqi əsasdan məhrum edilib, ölkənin təşkilat qarşısında öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə məsələ baxılmaq üçün yenidən Nazirlər Komitəsinə çıxarılır. Bu tədbirlər sanksiya xarakteri daşıyır. Lakin presedent olmadığı üçün ekspertlər bunun hansı formada həyata keçiriləcəyini söyləməyə çətinlik çəkirlər.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədov Avropa Şurasının Nazirlər Komitəsinin qərarına münasibət bildirib.

“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli konvensiya ümumiyyətlə işlək deyil. Hazırda o konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”, vəkil Cavad Cavadov sentyabrın 22-də cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdükdən sonra facebook səhifəsində yazıb.

Bununla yanaşı, vəkil REAL liderinin “yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”, deməklə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.