Haqqın.az saytının redaktoru Eynulla Fətullayev Amerikanın Səsinə müsahibəsində repressiya qurbanlarından, şair Mikayıl Müşfiqin məzarının tapılmasından və repressiyanın tarixi dərslərindən danışıb.
Amerikanın Səsi: Sizin nəşrdə Stalin repressiyasının qurbanı olmuş şair Mikayıl Müşfiqin Bakının Qaradağ rayonundakı Buta qəsəbəsinin yaxınlığında məzarlıqda dəfn olunması ilə bağlı dərc olunan yazı ölkədə rezonans doğurub. Mikayıl Müşfiqin bu məzarlıqda dəfni ilə bağlı iddialarınız nəyə əsaslanır və məmurların sizin nəşrin araşdırmasına münasibətini necə qiymətləndirirsiniz?
Əfsuslar olsun ki, bəzi məmurlar bu sahədə bizim apardığımız işi və ictimai təşəbbüsümüzü pozmaq istədilər.
Eynulla Fətullayev: Uzun illər ərzində Sovet İttifaqının, DTK-nin (keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi-red) şayiə mexanizminin yaratdığı bir əsatir mövcud idi. Guya 1937-1938-ci illər Stalin repressiyasının Azərbaycandakı qurbanlarının böyük əksəriyyəti Nargin adasında (Xəzər dənizində, Bakının yaxınlığında ada-red) güllələnib. Amma, Rusiyanın keçmiş senatoru Fərhad Əhmdəvun 1973-cü ildə ən ağır cəzaya məhkum edilmiş atasının qalıqlarının axtarışı zamanı (Fərhad Əhmədov tərəfindən yaradılan axtarış qrupu) Bakının Qaradağ rayonunun Buta qəsəbəsində kütləvi məzarlıq aşkar edib. Sonradan apardığımız araşdırmalar müəyyən etdi ki, 1923-cü ildən 1992-ci ilədək ölüm hökmünə məhkum edilmiş bütün şəxslər həmin kütləvi məzarlıqda dəfn olunub. Nargin adasına gələndə isə 1923-cü ilədək bolşeviklərin ilk repressiya qurbanlarından söhbət gedir. Yəni burada müsavatçılar və Sovet hakimiyyətinə qarşı ilk çıxanlar güllələnib. Amma Bayıl həbsxanasında ölüm korpusu yaradıldıqdan sonra bütün ölüm hökmləri həmin korpusda icra olunub. 1937-ci ildə güllələnmiş Mikayıl Müşfiqin qalıqları isə ehtimal olunur ki, məhz Buta qəsəbəsindəki kütləvi məzarlıqda aşkar edilib. Bildiyiniz kimi, Mircəfər Bağırov (Azərbaycan Kommunist Partiyasının 1933-1953-cü illərdə birinci katibi olub-red), ehtimal olunur ki, Əhməd Cavad (Azərbaycan himninin sözlərinin müəllifi-red), Seyid Hüseyn (yazıçı) və Azərbaycanın bir sıra görkəmli və tanınmış ziyalıları burada dəfn olunub. Yəqin ki, ictimaiyyət üçün maraqlıdır, bəs Mikayıl Müşfiqin qalıqları necə aşkar olunub? Axtarış qrupu Fərhad Əhmədovun atasının qalıqlarını təxminən yeddi il axtarıb. Orada böyük bir ərazidə, 30, 40, 50-ci və sonrakı illərdə ölüm hökmünə məhkum edilmiş insanların kütləvi məzarlığları mövcuddur. Axtarış qrupu əvvəlcə səhvən 50-ci illərdə güllələnmiş insanların məzarlığında axtarışa başlayıblar. Orada Mircəfər Bağırovun qalıqları aşkar olunub. Bu haqda mənə ilk məlumatı keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov verdi. Mircəfər Bağırov onun babasının əmisi oğlu idi. O zaman Hüseynqulu Bağırov təşəbbüs göstərdi, Mircəfər Bağırovun qalıqlarının DNT analizi keçirildi. Maraqlıdır ki, Mircəfər Bağırovun eynəyi, müştiyi və diş fırçası aşkar edilib. O zaman bütün məhbuslardan diş fırçası alınırdı, çünki sui-qəsd edə bilərdilər. Ancaq, bu respublika rəhbəri olmuşdu, bu səbəbdən onun diş fırçasını özündə saxlamasına imkan vermişdilər. Güllələnmiş bütün məhbuslar məhbus geyimində olduğu halda Mircəfər Bağırov öz kostyumunda olub. Onun pencəyinin qalıqları və cibindən qəzetin bir hissəsi tapılıb. Qrup məzarları qaza-qaza 30-cu illərdə güllələnmiş insanların kütləvi məzarlığına çıxıblar və orada Mikayıl Müşfiqin və Əhməd Cavadın və digər görkəmli ziyalılarımızın güman edilən qalıqlaırnı (arxeoloqlar güman edir ki, qalıqlar 70 faiz onlara aiddir) aşkar ediblər. Əlbəttə təhqiqatlar aparılmalıdır. Orada ayrı-ayrı məzarlar mövcud deyil. Quyu qazılırdı və meyitlər atılırdı, cəsədlərin arasına linolium qoyulurdu. Hər quyuda 20-50 meyit mövcuddur. Əfsuslar olsun ki, bəzi məmurlar bu sahədə bizim apardığımız işi və ictimai təşəbbüsümüzü pozmaq istədilər. Mənə bu müqavimətin motivi və səbəbi indiyədək aydın deyil.
Amerikanın Səsi: Tədqiqatlara görə 1936-1950-ci illərdə 200 mindən çox azərbaycanlı repressiya qurbanı olub, 27 min insan güllələnib. Amma indiyədək ölkədə repressiya qurbanlarının anım günü elan edilməyib. Sizcə “Repressiya Qurbanları” gününün təsis edilməsi, muzeyinin yaradılması və abidəsinin ucaldılmasının vaxtı çatmayıbmı?
Bu gün Azərbaycanda ilk növbədə vətəndaş cəmiyyəti tərəfindən hər il anılmalıdır.
Eynulla Fətullayev: Orada Ayna Sultanovanın ( Azərbaycan Sovet hökumətinin Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri olub, 1938-ci ildə güllələnib) , Həmid Sultanovun ( Azərbaycan SSR-nin Daxili İşlər Naziri-1938-ci ildə güllələnib), Qəzənfər Musabəyovun (Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Sədri-1938-ci ildə güllələnib) , Ruhulla Axundovun (Bakı komitəsinin katibi, Kommunist qəzetinin baş redaktoru-1938-ci ildə güllələnib) və bir çox bolşevik ideologiyasına xidmət edən insanların da qalıqları movcuddur. Bu artıq bizim ictimai qrup tərəfindən sübuta yetirilib. Onlar bolşevik olublar. Məgər onlar da repressiya qurbanları deyillərmi? Əlbəttə repressiya qurbanlarıdır. Ona görə də Mikayıl Müşfiqlə bağlı iş başa çatdırılandan sonra, hesab edirəm ki, Azərbaycanda bütövlükdə repressiya qurbanlarını təcəssüm etdirən bir abidə inşa edilməlidir. Çox gözəl təkliflə deputat Rəfael Hüseynov çıxış edib. O təklif edib ki, keşmiş 26 Bakı komissarlarının demontaj olunan memorialının yerində Stalin repressiyasının qurbanlarının memorialı ucaldılsın. Orada bütün siyasi qurbanların adları bir daşa həkk edilməlidir. Hesab edirəm ki, bu ən böyük və uğurlu bir addım olar. Bununla da biz repressiya qurbanlarının xatirəsini yad edəcəyik. Repressiya qurbanlarının yad edilməsi ilə bağlı beynəlxalq gün var. Bu 30 oktyabrdır. Hesab edirəm ki, bu gün Azərbaycanda ilk növbədə vətəndaş cəmiyyəti tərəfindən hər il anılmalıdır.
Amerikanın Səsi: Siz baş redaktor kimi 4 il həbsdə olubsunuz və o zamanlar repressiyaya məruz qaldığınızı bildiribsiniz. O vaxt dediyiniz fikirlər bu günki mövqeyinizdən baxanda aktuallığını saxlayırmı? Hazırda həbsdə olan jurnalistlərin də repressiyaya məruz qaldığı fikrini qəbul edirsinizmi?
İndiki dönəmdə biz hansısa boyük sistemli represiyalardan danışa bilmərik. Ədalətsizliklər var, amma bu repressiya deyil.
Eynulla Fətullayev: Bu gün də çoxları Eldar Mahmudovun (keçmiş milli təlükəsizlik naziri-red) , Akif Çovdarovun (keçmi Milli Təhlükəsizlik Nzirliyinin hazırda həbsdə olan generalı-red) və digər general cəlladların cinayətkar olduğunu pıçıltı ilə dilə gətirirlər. Amma o zaman siz də , bütün Azərbaycan da şahidsiz ki, Eldar Mahmudov yenicə hakimiyyətə gələrkən (E.Mahmudovun 2003-ci ildə milli təhlükəsizlik naziri təyin edilməsinə işarə edir-red ) hakimiyyətin bir hissəsinə yiyələnmişdi. Mən onu açıq-aşkar cinayət törətməkdə ittiham etmişdim. Buna görə də hakimiyyətin bu barbar, kiriminal qolu tərəfindən 4 il ərzində həbsxanada saxlanılmışdım. Əlbəttə bu repressiya idi. Əlbəttə bu ədalətsizlik idi. Düşünürəm ki, bu gün də ayrı-ayrı işlərdə əlbəttə ədalətsizliklər var. Günahsız həbsdə yatan insanlar da var ki, biz dəfələrlə onların azadlığı uğrunda mücadilə də aparırıq. Məqalələr də dərc edirik. Amma şübhəsiz ki, indiki dönəmdə biz hansısa boyük sistemli represiyalardan danışa bilmərik. Ədalətsizliklər var, amma bu repressiya deyil.