İran Azərbaycanı ilə bağlı siyasi fəaliyyət göstərən bir sıra qurumlar milli hökumətin yaradılmasının 72-ci ildönümü münasibətilə bəyanat yayıblar. Milli hökumətin formalaşmasının dövlətçiliyin təşəkkül tapması istiqamətində mühüm olay kimi dəyərləndirən partiya və qurumlar hüquqlar uğrunda mübarizənin bu gün də davam etdiyini vurğulayıblar.
"12 dekabrda Güney Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlğı və mübarizəsi nəticəsində müasir və demokratik qaydanın təməlləri qoyulmuşdur," deyə bəyanatda vurğulanır.
Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan hökuməti milli qurumların yaradılması və geyim azadlığı, qadınlara səs vermək hüququ, türk dilinin rəsmiləşdirilməsi, və digər istiqamətlərdə fundamental islahatlar həyata keçirdi.
"Diktatorların hakimiyyəti altında olan ərazinin cahilliklə büründüyü bir zaman Şahid Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan hökuməti milli qurumların yaradılması və "geyim azadlığı", "qadınlara səs vermək hüququ", "türk dilinin rəsmiləşdirilməsi", və şəhər infrastrukturunun bərpası, kəndlərdə torpaq islahatlarının aparılması və sosial təminat yaradılması yolu ilə məzlum xalqlar arasında yeni bir fəsil yaradıldı."
Bəyanat müəllifləri Azərbaycan milli hökumətinin yalnız bir ildən çox yaşamasına baxmayaraq xalq üçün önəmli nümunə qoyduğunu önə çəkib.
"Şəhid Seyyid Cəfər Pişəvəri və minlərlə azərbaycan övladı Pəhləvanın təcavüzkar sistemi və Stanlinin sürgünlərinə dözərək, Azərbaycanın şimal torpaqlarında yaranmış "Məhəmməd Əmin Rəsulzadə" milli hökumətindən sonra ikinci milli hökümət təcrübəsini millətimizə miras buraxmışdır," bəyanatda qeyd olunur.
Özlərini Azərbaycan Milli Hökumətinin "varis və davamçıları" kimi təqdim edən partiya mənsubları mübarizənin davamlı olmasına görə məsuliyyət daşıdıqlarını bəyan ediblər.
Ümumi milli hədəfləri paylaşan müxtəlif siyasi fraksiyalar arasında dialoqun əhəmiyyətini vurğulayan bəyanat müəllifləri tərəfləri qarşılıqlı hörmətə və emosiyadan uzaq durmağa səsləyiblər.
"Biz - birgə bəyanata imza atanlar, edam və sürgündə canlarını itirən minlərlə "Azərbaycan Milli Hökumətinin" şəhidinə hörmət edərək, müasir siyasi fəlsəfə əsasında qurulan Azərbaycan Milli Hökumətinin yaradılmasının 72-ci ildönümündə "Güney Azərbaycan Dövlətçilik Gününü" qeyd edir və Güney Azərbaycan türk millətinin milli-siyasi taleyini müəyyən etmək üçün milli mübarizənin davam etdirilməsini vurğulayırıq," deyə bəyanat müəllifləri qeyd edib.