Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirun sentyabrın 5-dən 7-dək Azərbaycana faktaradırıcı səfəri yekunlaşıb.
AŞPA-nın rəsmi saytında deyilir ki, məruzəçi Sunna Torhildur Evarsdottir səfərini hazırda həbsxanada saxlanılan 4 məhbus - Taleh Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəyli ilə görüşərək başa çatdırıb.
“Dörd məhbusdan əlavə bir sıra hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri, eləcə də yerli diplomatik icma üzvləri ilə görüşə bildim. Bu intensiv səfər, hazırkı vəziyyəti nəzərdən keçirəcək və gələcək irəliləyiş üçün tövsiyələr verəcək hesabatım üçün möhkəm bir zəmin yaratdı. Ümid edirəm hesabatımı bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri komitəsində təqdim edəcəm," məlumatda deyilir.
Xanım Sunna Torhildur Evarsdottir görüşləri təşkil edilməsinə görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirib.