Avropa Məhkəməsi 11 Azərbaycan vətəndaşının şikayətini təmin edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxışı qadağan edilmiş 11 Azərbaycan vətəndaşının - hüquqşünas və jurnalistlərin işi üzrə şikayətləri təmin edib. AİHM ərizəçilərin Avropa İnsan hüquqları Konvensiyasının 13-cü (səmərəli hüquqi müdafiə), habelə bu sənədin 4 saylı Protokolunun 2-ci (hərəkət etmə azadlığı) maddəsində zəmanət verilmiş hüquqlarının pozulduğunu hesab edib.

AİHM şikayətçilərin hər birinə 5 min avro mənəvi təzminat ödənilməsinə qərar verilib. Məhkəmə xərclərinə görə isə şikayətçilərə 1000 avro ödənilməlidir. Kompensasiyanın ümumi məbləği 64 min avrodur.

Ərizəçilər arasında jurnalistlər və hüquqşünaslarla yanaşı, REAL Partiyasının Məclis üzvü Azər Qasımlı, Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, Fransada sığınacaq almış Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev də var.

Digər ərizəçilər Aynurə İmranova, Gülər Mehdizadə, Rövşanə Rəhimova, Ənnağı Hacıbəyli, İzolda Ağayeva, Aynurə Heydərova, Aytən Ələkbərova, Dilarə Vəliyevadır.

Avropa Məhkəməsi hazırda Türkiyədə yaşayan jurnalist A.İmranovaya münasibətdə Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanımayıb. Belə nəticəyə gəlib ki, yerli məhkəmələr onun ölkədən çıxışıyla bağlı məsələyə mahiyyəti üzrə baxıb, sadəcə, şikayəti təmin etməyib. Digərlərinin işinə isə məhkəmələr baxmaqdan imtina edib.

Ə.Hacıyevaya və hüquqşünas R.Rəhimovaya isə xərclərə görə 1000 avro ödənilməsi nəzərdə tutulmayıb. R.Rəhimovanın vəkili özü olub. Ə.Hacıyeva isə xərclərlə bağlı sübut təqdim edə bilməyib, deyə AİHM-nin məlumatında bildirilir.

Qeyd edilən şəxslərin Azərbaycandan çıxışına qadağa 2012-2016-cı illərdə qoyulub. Bu zaman onlar cinayət işlərində şübhəli və ya təqsirləndirilən şəxs deyil, yalnız şahid qismində keçirdilər.