Bakıda növbəti NATO- Rusiya görüşü keçiriləcək

NATO

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Curtis Scaparrotti-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın dövlət agentliyinin məlumatına görə İlham Əliyev görüşdə Azərbaycanın NATO ilə tərəfdaşlığının tarixindən danışıb, bu qurumun mənzil-qərargahına etdiyi səfərləri, onların müsbət xarakter daşımasını vurğulayıb.

İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın fəal iştirak etdiyini, Azərbaycan kontingentinin artırıldığını (hərbçilərin satyı 90-dan 120-ə çatdırılıb) və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat, logistik dəstək göstərildiyini qeyd edib.

Bakıda NATO-Rusiya formatında növbəti görüş olcaq

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Curtis Scaparrotti rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinə və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyi etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

O, Bakının NATO-Rusiya formatında görüşün keçirilməsindən ötrü tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd edib.

1994-cü ildən başlayaraq Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.