Zamirə Hacıyeva ev dustaqlığına buraxılıb

Zamirə Hacıyeva

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri,15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

BBC radiosunun məlumatına əsasən, Z.Hacıyeva ev dustaqlığına girov müqabilində buraxılıb.

Girovun məbləği göstərilməsə də, məhkəmənin ilkin məlumatlarında girovun 500 min funt sterlinq təyin olunması deyilirdi.

Məlumatda bildirilir ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiya olunması məsələsi gündəmdədir.

Zamirə Hacıyeva noyabrın 6-da Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO-UNEXPLAINED WEALTH ORDERS) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyi Hacıyeva barəsində cinayət təhqiqatını davam etdirir.

Ötən həftə agentlik onun ailəsinə məxsus £400 min funt sterlinq dəyərində zinət əşyalarını müsadirə edib. Ailə bu əşyaları Christie's-də hərraca qoymaq istəyirdi.