Müsavat Partiyasının fəalına narkotik ittihamı irəli sürülüb

Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Bu barədə vəkil Osman Kazımov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İttiham məhkəmədə sübut olunsa Azad Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs gözləyir.

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kiimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

Müsavat Partiyası fəalın saxlanılmasını pisləyən bəyanatla çıxış edib.

“Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun azad edilməsini tələb edir", sənəddə deyilir.

Müsavat Partiyasının mətbut xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.