İlham Əliyev: Bu il 85 min daimi iş yeri açılıb

İlham Əliyev

“Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”. Bu barədə prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Əliyev Xəzər dəniznin hüquq statusu ilə bağlı konvensiyanın imzalanmasını önəmli beynəlxalq hadisə adlandırıb.

“Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir”.

Onun sözlərinə görə, bu il Avropa İttifaqı ilə əlaqələrin inkişafı istiqamətində növbəti ciddi addım atılıb.

“Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir”.

Prezident Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir.

“Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır”.

Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq.

Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq.

“Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.

Dövlət başçısı münaqişə ilə paralel Azərbaycan Ordusunun qüdrətinə də toxunub.

“Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.

Prezidentin fikrincə, Azərbaycan öz hərbi potensialını maddi-texniki təchizat baxımından tam təmin edib.

“Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur”.

Əliyev iqtisadi inkişafdan danışarkən deyib ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb.

“Bu ilin doqquz ayında iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz artıb”.

Onun sözlərinə görə kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb.

“Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir”.

Dövlət başçısı bildirib ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub.

“Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub”.

Əliyevin sözlərinə görə hazırda ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb.

Ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb.

​“İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq”.

Prezident deyib ki, doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb.

“İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb”.

Dövlət başçısı yerli istehsalın artımından da danışıb.

“Bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya prezidenti mənimlə birlikdə iştirak edib. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur”.

Onun sözlərinə görə yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək.

“Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik”.

Əliyev 2018-ci ilin enerji siyasətinin inkişafı üçün önəmli olduğunu deyib. Onun szölərinə görə bu ilin mayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.

“Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir”.

Prezident nəqliyyat dəhlizlərindən də danışıb. Onun sözlərinə görə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır.

“Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artıb”, o qeyd edib.