Nardaranın iki sakininə qarşı cinayət işi qaldırılıb

Bakının Nardaran qəsəbəsinin iki sakini qanunsuz silah saxlamaqda ittiham olunur. Lakin onların ailə üzvləri ittihamı qəbul etmir.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi qəsəbə sakini Hatəm Cəlilovun bağından torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı ov tüfəngi, 2 ədəd patron tapıb. Fəxrəddin Əlxasovun həyətindən isə lüləsi və qundağı kəsilmiş "TOZ-8" markalı tüfəng çıxıb.

Bununla yanaşı, ailə üzvləri hər iki şəxsə verilən ittihamı qəbul etmir. Onların sözlərinə görə sentyabrın 20-dən (Aşura günü) sonra qəsəbənin ondan çox sakini saxlanılıb.

"Onlardan ikisi barədə cinayət işi başlanıb, qalanları inzibati qaydada cəzalandırılıb, sutkalıq inzibati həbs cəzası verilib", Nardaran sakini qeyd edib.

"Aşura günü Nardaranda məscidin ətrafına xeyli polis və əsgər gətirilmişdi. Adamların məscidə girişinə məhdudiyyətlər yaradırdılar. Bu səbəbdən məscidin ətrafında gərginlik yarandı. Hatəm Cəlilov Nardaranın ağsaqqallarından sayılır. O izah eləməyə çalışdı ki, adamları məscidə buraxmamaqla düz eləmirlər. Nəticə də belə oldu ki, sonradan onun özü də daxil, etiraz edən xeyli adamı tutub apardılar", digər sakin bildirib.