İctimai fəal Fatimə Mövlamlı yenidən həbs edilə və mühakimə oluna bilər. Bu barədə onun özü sosial şəbəkədə yazıb.
Sentyabrın 21-də Bakıdakı 19 saylı poliklinika rəhbərliyinin şikayəti əsasında fəalı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparıblar. Saat 13:30-dan 18:00-dək polisdə saxlanılıb.
Poliklinika həkimlərinin fəaliyyəti haqda reportaj hazırladıqdan sonra F.Mövlamlıya qarşı cinayət işi başlanıb.
Reportaj poliklinikada ona veriləcək dərmanı ala bilməyən şəkər xəstəsinin şikayəti əsasında hazırlanıb.
Reportaj Azad Soz saytında yayımlanıb: https://www.youtube.com/watch?v=s4L4UxciDso&feature=youtu.be
“Videoyazı zamanı baş həkim və üç qadın - poliklinikanın həkimləri mənə hücum etdilər. Kameranı almağa çalışdılar. Məni icazəsiz çəkiliş aparmaqda ittiham etdilər. Onlar Yasamal Rayon Polis İdarəsinə şikayət ediblər. Orada mənə qarşı Cinayət Məcəlləsinin 322.1-ci maddəsi (özbaşınalıq) ilə cinayət işi qaldırılıb. Məni 500 manat cərimə və ya altı ay həbs cəzası gözləyir”, F.Mövlamlı yazıb.
Xatırladaq ki, bundan əvvəl də fəal təzyiqlərə məruz qalıb. Belə ki, 2018-ci il martın 31-də “Diktatoru tanı” aksiyasında iştiraka görə polis tərəfindən saxlanılmışdı. O, beş gün həbsdə olub. Mayda isə onu ölkədən xaricə buraxmayıblar.
Səhiyyə Nazirliyi hələ fəalın reportajda qaldırdığı problemlə bağlı münasibət bildirməyib.