İlham Əliyev: Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır

ATƏT-in baş katibi İlham Əliyevlə ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

Əliyev bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

"Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk günlərdən (2018-ci il mayın 8-də baş nazir seçilib-red) münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur", Əliyev qeyd edib.

O vurğulayıb ki, xüsusilə "Azərbaycan "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir.

Əliyevin fikrincə, bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir.

"Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək", o qeyd edib.

İ.Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulduğunu iddia edib.

"Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib", xəbərdə deyilir.

Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

ATƏT-in baş katibi T.Qreminger sentyabrın 12-də Azərbaycana gəlib. O, bundan əvvəl Ermənistanda işgüzar səfərdə olub.

Ermənistan tərəfi Azərbaycan prezidentinin dediklərinə hələ münasibət bildirməyib.