AXCP fəalının anası daxili işlər nazirinə müraciət edib

Orxan Baxışlı

Orxan Baxışlıya narkotik ittihamı verilib

"Orxan Baxışlının narkotiklə heç bir əlaqəsi yoxdur. O, siqaret belə çəkmir. Tələbədir, dinli-imanlı, namaz qılan gəncdir. Orxan ictimai-siyasi fəaliyyətinə görə tutulub".

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) həbsdə olan fəalı Orxan Baxışlının anası Kəmalə Rəhimlinin daxili işlər naziri Ramil Usubova müraciətində deyilir.

Ana iddia edir ki, 2017-ci ilin sentyabrında həyat yoldaşı Rafiq Baxışov Cəlilabad Rayon Polis Şöbəsinin rəisinin yanına çağırılıb.

"Orada ona Orxan fəaliyyətindən uzaqlaşmasa, tutulacağını bildiriblər. Onda bu haqda ictimaiyyətə xəbər vermişdik. Şəkidə polis əməkdaşı anam gilə gedib (anası Şəki rayonunda yaşayır), belə bir məlumatı anama verib. Orxan bu hadisədən 6 ay sonra şərlənib. Deməli, Orxan narkotikə görə yox, fəaliyyəti ilə bağlı tutulub. Buna o vaxtdan hazırlıq görülürmüş», K.Rəhimli müraciətində bildirir.

K.Rəhimli Azərbaycan prezidentinin açıqlamalarına xitabən vurğulayır ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı var.

"Heç kəs dediyi sözə, siyasi baxışına görə saxlana, məsuliyyətə cəlb oluna bilməz, ğlkə prezidentinə istinadən ana vurğulayıb ki, O.Baxışlının həbs edilməsində rolu olanlar məsuliyyətə cəlb edilməlidir.

K.Rəhimli müraciətin sonunda O.Baxışlının günahsız olduğunu, onun məhkəmə zalından azad edilməli olduğunu vurğulayıb.

Onun bu müraciətinə Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələrindən münasibət almaq mümkün olmayıb. Ancaq bu yaxınlarda ölkə prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı keçirərkən bəyan edib ki, "Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır".

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə atıldığını deyir.

AXCP bildirib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib.

Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.