Gəncə hadisələri ilə bağlı 61 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

4 nəfər öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərən 4 nəfər xüsusi xidmət orqanları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Bu barədə İyulun 30-da Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov Gəncədə baş vermis hadisələrlə əlaqədar əməliyyat-axtarış, istintaq tədbirləri haqqında danışarkən bildirib.

“Radikal dini təriqətə mənsub, xarici ölkədə dini təhsil almış və Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Yunis Səfərovun hakimiyyət nümayəndəsinə qarşı planlaşdırılmış terror aktı, baş tutacağı halda ölkədə xaos və iğtişaşlar yaratmağa yönəlmiş çağırışın öncədən hazırlanması, həmçinin bir neçə gün sonra baş verən kütləvi iğtişaşlar bu hadisələrin bir neçə ay əvvəldən nəzərdə tutulduğunu və dini-ekstremist təşkilatlarla sıx bağlı olduğunu göstərib”, baş prokuror qeyd edib.

Onun sözlərinə görə, bu il iyulun əvvəllərində Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsd və iki yüksək rütbəli polis zabitinin qəsdən öldürülməsi hüquq mühafizə orqanlarının dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasını və dövlət maraqlarının müdafiəsini labüd edib.