"Avropa Parlamentinin mən də daxil olmaqla, Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə, Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil".
Bu barədə 2 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən REAL Partiyasının sədri İlqar Məmmədov yazır.
REAL sədri Avropa Birliyinin ötən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edir.
İ.Məmmədov vurğulayır ki, Avropa Parlamenti hələ 2013 və 2014-cü illərdə qətnamələr qəbul edərək Azərbaycan hökumətindən onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına tələb edib.
"Avropa Parlamentinin hazırkı qətnaməsi əvvəlki mövqeyindən geri çəkilmək anlamına gəlir. Çünki Avropa Birliyinin ən optimist rəsmisi sazişin ən yaxşı halda 2019-cu ilin payızında imzalanaçağını proqnozlaşdırır. Sazişin ratifikasiyası da hər bir halda 2020-ci ilə təsadüf edəcək. Bununla da, Avropa Parlamenti faktiki olaraq İlham Əliyevə məni 2020-ci ilin fevralına, yəni mənə verilmiş saxta cəza müddətinin sonuna qədər həbsdə saxlamağa imkan yaratmış olur", İ.Məmmədov qeyd edib.
Siyasətçi açıqlamasını "Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam!" sözləri ilə bitirir.
Hazırda Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişi üzərində iş gedir. Ötən həftə Avropa Parlamenti həmin sazişin imzalanması üçün 8 şərt irəli sürüb. Həmin şərtlərdən birində deyilir ki, Azərbaycan siyasi və vicdan məhbuslarını sərbəst buraxmalıdır, əks halda Avropa Parlamenti sazişi ratifikasiya etməyəcək.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.
2017-ci il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-nin İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 2017-ci ilin 16 noybarında çıxardığı ikinci qərar da hələ icra edilməyib. Qərar 2018-ci ilin martın 5-də qəti hüquqi qüvvəyə minib və icrası üçün 3 ay müəyyən edilib.