Cəmil Həsənlinin kitabları gömrükdən buraxılıb

Cəmil Həsənli

Bakı hava limanının gömrükçüləri professorun "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabının 4 nüsxəsini saxlamışdı

Milli Şurasının sədri, professor Cəmil Həsənlinin Bakı hava limanında saxlanılan kitabları özünə qaytarılıb. Bu barədə onun özü Facebook səhifəsində məlumat yayıb.

Cəmil Həsənlinin sözlərinə görə, iyunun 8-də poçt xidmətindən ona zəng edilib:

“Kitabları azad ediblər. Bir az əvvəl UPS poçt xidmətindən mənə zəng etdilər ki, Harvard Soyuq Müharibə Seriyasından mənim ünvanıma göndərilmiş 4 ədəd kitabı hara gətirək? Mənim bu kitabım hələ 2011-ci ildə Harvard Soyuq Müharibə Seriyasında nəşr olunub və respublikaya daxil olub. 2013-cü ildə kitabı yumşaq üz qabığında təkrar nəşr edib mənə də müəllif nüsxələri göndəriblər. Deməli, gömrük orqanları iki dəfə bu kitabı "oxuyub". İndi üçüncü dəfə maariflənmək istəyirdi. Özü də deyəsən eyni adlı kitabın hər dörd nüsxəsin ayrı-ayrılıqda oxumağı planlaşdırırdılar...", o yazıb.

İyunun 7-də Bakı hava limanının gömrükçüləri professorun "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabının 4 nüsxəsini saxlamışdılar. Onlar kitabın tədqiqindən sonra qaytarılacağını bildirmişdilər.

Professor Cəmil Həsənlinin "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabını Harvard Universiteti ingilis dilində nəşr edib. Kitab 1945-1953-cü illərdə baş verən prosesləri əhatə edir. Bu kitab II Dünya müharibəsindən sonra Sovet-Türkiyə münasibətləri və Ermənistanın Türkiyəyə qarşı iddialarının pərdəarxası məqamlarına aydınlıq gətirir.

Kitaba Harvard, Corc Vaşinqton, Kollec Kork universitetlərinin nüfuzlu alimləri rəy veriblər.