SMDTM: 11 aprel seçkiləri azad seçki standartlarına uyğun olmayıb

Seçki məntəqələrinin yalnız 8%-də ciddi qanun pozuntuları baş verməyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb.

SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Seçki günü müşahidəçilər 125 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində statistikaya əsaslanmış müşahidə aparıb.

Müşahidəçilər səsvermə günü və səslərin sayılması zamanı "seçki prosesinə ziyan vuran ənənəvi və ciddi qanun pozuntularını" qeyd ediblər. Seçki məntəqələrinin 47%-də adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı qeydə alınıb. 53% seçki məntəqəsində seçki qutusuna saxta bülletenlərin atılması, bir şəxsin bir neçə dəfə səs verməsi halları qeydə alınıb.

Seçki məntəqələrinin yalnız 8%-də ciddi qanun pozuntuları baş verməyib. Seçki günü müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiqlər qeydə alınıb.

SMDTM ilə əməkdaşlıq edən müşahidəçilər əksər seçki məntəqələrində seçici fəallığı ilə bağlı rəsmi rəqəmlərdən əsaslı şəkildə aşağı olan rəqəmlər qeydə alıblar. Rəsmi nəticələr üzərində detallı analiz sayəsində SMDTM elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqlar müəyyən edib.

Bu nəticələr seçki məntəqələrinin yarısından çoxunda seçki qutularına toplu bülletenlərin atılması, seçici fəallığının süni şəkildə şişirdildiyini ifadə etməyə əsas verir, o cümlədən ümumi nəticələrin etibarlılığını şübhə altına qoyur.

SMDTM-nin ümumi dəyərləndirməsi göstərir ki, 11 aprel seçkiləri siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib.