Gələcək Azərbaycan Partiyasının 8 üzvü polisə çağırılıb

Partiyanın fəallarına xəbərdarlıq edilib

Martın 28-də Gələcək Azərbaycan Partiyasının 8 fəalı polisə çağırılaraq izahat alınıb, xəbərdarlıq edilərək azad buraxılıb.

Bu barədə partiyanın sədri Ağasif Şakiroğlu Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, fəallardan Zaman Mirzəməmmədov Nərimanov rayon Məhkəməsi tərəfindən xuliqanlıq ittihamı ilə inzibati qaydada 100 manat cərimə olunub.

“Partiyanın fəalları martın 10-da Fəvvarələr meydanında keçirtdiyi icazəsiz aksiyaya görə polisə çağırılıb. Gələcək Azərbaycan Partiyası rejimin bu repressiv addımını qınayır, partiya fəalımızın azad edilməsini hakimiyyətdən tələb edir. Hesab edirik ki, seçki öncəsi olduğu bir zamanda bu tip repressiv üsullara əl atmış rejim, bu əməli ilə seçki sonrası yürüdəcək siyasətinin mahiyyətini cəmiyyətə təqdim etməkdədir. Repressiyaya əl atmış rejim anlamalıdır ki, bu tip üsullarla hakimiyyətin ömrünü uzatmaq mümkün olmayacaqdır”, partiyanın mətbuat xidmətinin məlumatında deyilir.

Rəsmi qurumlar partiya fəallarının polisə çağırılmasının səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Xatırladaq ki, martın 10-da Gələcək Azərbaycan Partiyasının bir qrup üzvü Bakının mərkəzində, “Fəvvarələr” meydanında “Saxta seçkilərə yox!” şüarı ilə etiraz aksiyası keçirib.

Gələcək Azərbaycan Partiyası 2014-cü il fevralın 23-də təsis edilib. Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev GAP-ın fəxri üzvüdür.