Fevralın 22-də Azərbaycan Ali Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadənin, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının və Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş digər 16 nəfərin kassasiya şikayətinə baxış başlayıb.
Dinləmələr təqsirləndirilən şəxslərin özlərinin iştirakı olmadan keçirilib. İclasda yalnız müttəhimlərin üç vəkili - Fariz Namazlı, Elçin Sadıqov və Zibeydə Sadıqova iştirak edib.
Hakim digər vəkillərin naməlum səbəblərdən iştirak etmədiklərini elan edib.
Amma hakimin diqqətinə çatdırılıb ki, sözügedən vəkillərdən ikisinin - Yalçın İmanov və Fəxrəddin Mehdiyevin səlahiyyətləri dayandırılıb, Nemət Kərimli isə başqa məhkəmə prosesindədir.
Vəkillər bildiriblər ki, müvəkkilləri təkcə ibtidai istintaq zamanı deyil, həm də məhkəmə təhqiqatı zamanı işgəncələrə məruz qalıblar. Şahidlərə də təzyiq göstərilib. Onların əksəriyyətini məhkəmədən əvvəl polisə çağırıblar və Bağırzadəyə qarşı ifadə verməyi tələb ediblər.
Vəkil Zibeydə Sadıqova istintaqın təqsirləndirilən şəxslərdə tapılmış silahın Rusiya zavodlarında istehsal edildiyini iddia etməsinə diqqət çəkib. Amma müdafiə tərəfin sorğularına zavodlardan bu silahların Rusiyada istehsal edilmədiyi barədə cavablar daxil olub.
Bundan başqa aşağı məhkəmə instansiyaları DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Kərim Əlimərdanovu dindirməyib.
Vəkillər onun və müttəhimlərə işgəncə verən sözügedən idarənin digər əməkdaşları - İslam Ağabəyov, İbrahim Kazımov və Şahlar Cəfərov barəsində xüsusi qərar çıxarmağı xahiş ediblər.
Müdafiə tərəfi bütün məhbuslara bəraət verilməsini xahiş edib. Vəkillər həmçinin məhkəmədən hüquq-mühafizə orqanları məhkəmədən əvvəl müttəhimləri “terrorçu” və “cinayətkar” elan etməklə onların hüquqlarının pozulmasını qəbul etməyi xahiş ediblər.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.
2015-ci il noyabrın 26-da polis Nardaranda xüsusi əməliyyat keçirib, nəticədə Taleh Bağırzadə və onun tərəfdaşlarından ibarət qrup həbs edilib. Bir neçə gün ərzində ümumilikdə 70-dən çox insan həbs edilib, sonradan onlar bir neçə qrup halında müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.