Almaniyada mühacirətdə olan Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqovun polisə aparıldığı bildirilir.
Bu barədə Tural Sadıqlının atası Əlövsət Sadıqlı məlumat yayıb.
Onun bildirdiyinə görə, fevralın 20-i səhər tezdən kiçik qardaşı Zahir Sadıqovun Ağdam rayonunun Əhmədağalı kəndindəki evinə polis sahə müvəkkili, bir post patrul və bir də yol polisi əməkdaşı gəlib.
“Onlar rayon polis şöbəsində rəis müavininin onu çağırdığını bildiriblər. Əsl səbəbini bilmədiklərini deyiblər. Lakin əlavə ediblər ki, ya Bakı məsələsidir, ya da maşını ilə bağlı məsələdir. Bu barədə imkan tapıb qardaşımın özü şəxsən mənə zəng edib məlumat verdi. Hesab edirəm ki, onu polisdə polisə müqavimət, narkotik istifadəçisi, kiminləsə dalaşma və ya mübahisə kimi ənənəvi ittihamlarla şərləyə bilərlər”, Əlövsət Sadıqlı bildirib.
O vurğulayıb ki, qardaşının nə narkotiklə, nə silahla, nə də hər hansı qeyri-qanuni əməllə əlaqəsi var:
“Kriminala meylli deyil, eyni zamanda internet istifadəçisi deyil və ümumiyyətlə Tural Sadıqlının siyasi fəaliyyəti barədə məlumatlı yoxdur”.
Hazırda Zahir Sadıqovun Ağdam rayon Polis Şöbəsində olduğu bildirilir. Onun telefonuna zəng çatmır.
Əlövsət Sadıqlının söylədiklərinə Ağdam rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Tural Sadıqlının atasının özü də polisə aparıldığını deyib. Əlövsət Sadıqlının bildirməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı polis bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar.