Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib

Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib

Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası olub

Fevralın 9-da Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Görüşdən sonra Federika Mogerini Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirib və mətbuat konfransı qurumun rəsmi saytında canlı yayımlanıb.

Mətbuat konfransında ali komissar bildirib ki, görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli əlaqələr, iqtisadi, enerji, Şərq Tərəfdaşlığı məsələləri, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları, media, prezident seçkiləri və digər məsələlər müzakirə olunub.

Demokratiya, qanunun aliliyi və insan haqları məsələlərinə toxunan ali komissar bildirib ki, Aİ bu məsələni qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin bir hissəsi hesab edir.

"Bu istiqamətdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlilikləri yerinə yetirməsi bizim üçün vacibdir. Buraya beynəlxalq standartlara uyğun olaraq qanuni seçkilər, sərbəst toplaşmaq və media ilə bağlı tövsiyələr daxildir.

Bu, Azərbaycanın hazırda olduğu seçki öncəsi şəraitdə xüsusilə vacibdir. Aİ hər zaman fundamental azadlıqlar və insan haqlarına hörmətin vacibliyini vurğulayır. Biz inanırıq ki, vətəndaş cəmiyyəti hər zaman demokratiya üçün vacibdir və biz bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik".

Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Mogerini bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

O qeyd edib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir.

"Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik".

Öz növbəsində, xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə razılaşaraq, yeni sazişin Azərbaycan və Aİ arasındakı əlaqələrdə yeni mərhələ açacağını deyib.

"İşlər davam etdirilir, asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq", deyə o bildirib.

Öz növbəsində, Xarici İşlərNazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib.

İclasa Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Qeyd olunub ki, prezident İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib.

Bakı-Tbilisi-Qars dəmir-yol xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəzlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub.

Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub.

İclas nəticəsində razılıq əldə olunub ki, Təhlükəsizlik və Enerji məsələləri üzrə Avropa İttifaqı və Azərbaycan arasında dialoq mexanizmi təsis edilsin.