İlham Əliyev Türkiyəyə səfər edib

İlham Əliyev

İ.Əliyevi Rəcəb Tayyib Ərdoğan dəvət edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün, dekabrın 12-si Türkiyəyə səfər edib.

Bu barədə prezidentin rəsmi internet səhifəsində deyilir.

Məlumatda səfərin işgüzar məzmun daşıdığı bildirilir.

İ.Əliyevi səfərə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan dəvət edib. Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısında iştirak etməlidir.

Toplantı dekabrın 13-də keçiriləcək.

Dekabrın 9-da Türkiyə və Azərbaycan prezidentləri telefonla danışmışdılar. Ərdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət etmişdi.

Prezident İ.Əliyev dəvəti qəbul etmişdi.

Həmin vaxt verilən rəsmi məlumatda bildirilirdi ki, dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını yanlış hesab etdiklərini bildiriblər. Bunun Yaxın Şərqdə təhlükəli fəsadlara səbəb ola biləcəyini deyiblər.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bununla bağlı hələ Bill Klinton ABŞ prezidenti olarkən qanun imzalansa da, bunun icrası təhlükəsizlik baxımından ertələnirdi.

Bu qərar bölgədə yəhudi-ərəb qarşıdurmasına və bəzi islam ölkələrində narazılığa səbəb olub.