Noyabrın 24-də Binəqədi Rayon Məhkəməsində prokuror Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucova 6 il həbs cəzası istəyib.
Azadlıq radiosunun məlumatına görə generalın 21 yaşlı oğlu bu il iyulun 3-də 85 saylı marşrut avtobusunun sürücüsü, 36 yaşlı Sənan Səmədovu döyməkdə günahlandırılır. Ona Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham verilib.
R.Orucov məhkəmə qarşısında tək deyil. Sürücünü döyərkən Orucovun yanında olduğu iddia edilən daha iki nəfər – Kənan Vəliyev və Pərviz Abbasov da onunla birlikdə mühakimə olunur. Prokuror adları çəkilən təqsirləndirilən şəxslərin hər birinə 3 il 6 ay həbs cəzası istəyib. Adları çəkilən təqsirləndirilənlər Orucovdan fərqli olaraq, həbsdə deyil. Onların barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
İttihama görə, R.Orucov bu hadisədən xeyli əvvəl sürücülük hüququndan məhrum olunub. Ona görə də sürücülük vəsiqəsi olmadan «BMW» markalı, 10-OG-300 dövlət nömrə-nişanlı avtomobili idarə edib. İyulun 3-də avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə onunla avtobus sürücüsü arasında mübahisə yaranıb. Orucov S.Səmədovun idarə etdiyi avtobusu 8 dayanacaq təqib edərək, sərnişinlərin qarşısında sürücünü döyüb.
Amma R.Orucov və digər təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir. Generalın oğlu məhkəmədə deyib ki, sürücü onları təhqir edib.
Məhkəmə dekabrın 1-də vəkillərin çıxışı ilə davam edəcək.
R.Orucov 2014-cü ildə də piyadanın öldüyü yol qəzası törətməyə görə cinayət məsuliyyətinə cəlb olunub. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 4 il həbs cəzası verilib. 2016-cı ildə isə şərti cəza ilə əvəzlənib.