Robert Sekuta: Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir

Robert Sekuta

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”.

APA-nın məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatlar verib. Amma hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 2-5-də cəbhədə hərbi əməliyyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində addım atılmayıb. Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib.