Avropa Məhkəməsi İlqar Məmmədovun ikinci ərizəsi üzrə qərarını elan edəcək

Avropa İnsan Hüquqları Məhkəməsi, noyabrın 16-sı REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovun ikinci ərizəsi üzrə qərarını elan edəcək.

Bu barədə Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Onun sözlərinə görə, ikinci ərizə cinayət işinə baxan Şəki ağır cinayətlər, apellyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlıdır.

Vəkil qeyd edib ki, bu ərizədə İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Konvensiyanın 6(ədalətli məhkəmə araşdırılması hüququ),13 (Səmərəli hüquqi müdafiə vasitələri hüququ), 14 (Ayrı-seçkiliyin qadağan olunması),17 (Hüquqlardan sui-istifadənin qadağan olunması) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda Azərbaycana bildirir ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Qərarda deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərarda Azərbaycanın diqqətinə çatdırılır ki, Avropa Şurası 46-cı maddə ilə prosedura başlaya bilər.