Milli Şuranın mitinqi başa çatdı [Fotoqalereya & Video] (Yenilənib)

Your browser doesn’t support HTML5

Bakının Yasamal rayonunda müxalifətin şənbə mitinqinin iştirakçıları Azərbaycan hakimiyyətini korrupsiyaya görə pisləyib, təcili olaraq demokratik islahatların aparılmasını və siyasi məhbusların azad edilməsini tələb edib.

Demokratik Qüvvələrin Milli Şutrası (DQMŞ) koordinasiya mərkəzinin üzvü, aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli ölkənin iqtisadi problemlərinə diqqət çəkib.

Onun sözlərinə görə, 2017-ci il həm də iqtisadi geriləmə ili olacaq. O qeyd edib ki, böhranın başladığı andan etibarən Azərbaycan iqtisadiyyatı iki dəfə kiçilib. "Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik. Sizin yolunuz istefa verməkdir", Məhərrəmli bildirib.

AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn ölkə telekanallarının bütün dünyada kataklizmlər fonunda Azərbaycandakı vəziyyəti ürəkaçan kimi göstərməyə çalışmasına diqqət çəkib.

"Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərirməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz buradakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?", fəal sual edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev penitensiar müəssisələrdə işgəncələrə diqqət çəkib.

"Keçmiş müstəntiq Rüfət Səfərovu döyüb cərimə kamerasına salmışdılar. Bir sözü ilə gül bayramını qul bayramına çevirən Bayram Məmmədov cərimə kamerasına salınıb. Bu hakimiyyət Azərbaycanın ləyaqətli insanlarına qarşı savaş açıb", Gülalıyev bildirib.

O, həmçinin mətbuat azadlığının məhdudlaşdırıldığını bildirib.

"Müstəqil, tənqidçı saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıq siyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və blogerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir", Gülalıyev vurğulayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli hakimiyyəti kəskin tənqidlərə məruz qoyub. O qeyd edib ki, həyatın bütün sahələrini iflic edən korrupsiya ilə əlaqədar Azərbaycan bir çox sosial parametrlərə görə rengiondakı qonşularından geri qalır.

Onun sözlərinə görə, 24 il ərzində hakimiyyət ölkənin heç bir problemini həll etməyib, Qarabağ münaqişəsinin nizamlanmasında və işğal edilmiş ərazilərin qaytarılmasında heç bir irəliləyiş yoxdur.

"24 il ərzində hakimiyyət bir dəfə olsun demokratik seçki keçirməyib", deyə o bildirib.

Bununla belə Kərimli qeyd edib ki, repressiyalara və məhdudiyyətlərə baxmayaraq, demokratik qüvvələr azadlıq uğrunda mübarizəni davam etdirirlər və heç vaxt bu yoldan dönməyəcəklər.

Eyni zamanda, Kərimli qeyd edib ki, DQMŞ etiraz aksiyasını müvəqqəti olaraq dayandırır.

Amma, onun sözlərinə görə, bu o demək deyil ki, mitinqlərə son qoyulur. "Bizim daha kütləvi, daha güclü aksiyalarımız olacaq və Milli Şura bu barədə məlumat verəcək", deyə Kərimli bildirib.

Aksiya iştirakçıları arada bir "İstefa" şüarları səsləndiriblər.

Polis əməkdaşları tribunadakıların çıxışlarına müdaxilə edib, natiqlərin çıxışının məzmunu ilə bağlı irad irəli sürüb.

Mitinqdə bir neçə min insan iştirak edib.

***

Milli Şura mitinq keçirir

Saat 15-də Bakının Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil olunmuş "Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq" şüarı altında mitinqi başlayıb.

DQMŞ Koordinasiya Mərkəzinin üzvü, Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, aksiya "korrupsiya, yalan, saxtakarlıq, xəzinənin talanmasına" etiraz bildirmək məqsədilə və qanunsuz olaraq çıxarılmış 3 mlrd. dolların ölkəyə qaytarılması tələbi ilə keçirilir.

Bundan başqa, aksiyada bu günə sayı 150-ni aşan siyasi məhbusların azad edilməsi tələbi irəli sürüləcək.

Aksiya iştirakçıları siyasi məhbusların portretləri və siyasi və sosial xarakterli şüarlar əks olunan plakatlar qaldırıblar.

Mitinqlə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Stadion boyunca polis qüvvələri yerləşdirilib. Stadiona girən hər bir şəxsi detektotlarla yoxlayırlar.

Bir müddət əvvəl hakimiyyət guya bu mitinqdə təxribat hazırlayan üç silahlı terrorçunu məhv etdiyini bildirib.

Aksiya keçirilən ərazidə İnternetə çıxış yenə də kəsilib. KİV-lər canlı yayım verə bilmirlər. Mitinq keçirilən ərazidə təxminən min metr radiusda mobil telefonlar vasitəsi ilə internetə qoşulmaq mümkün olmayıb.

Milli Şuranın bundan əvvəlki, oktyabrın 7-də keçirilən aksiyasında da eyni problem meydana çıxmışdı.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna hər hansı münasibət bildirməyib.

***

Oktyabrın 28-i Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirir.

Mitinqçilər hazırda meydana toplaşır.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin keçirilməsinə razılıq verib və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.

Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. Onlar deyiblər ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir.

Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında yüksək vəızifəli dövlət rəhbərləri durur.

Hər iki aksiya ərəfəsində və sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.

Milli Şura mitinq keçirir

Milli Şura bəyan edib ki, inzibati həbslər aksiyanın kütləviliyinin qarşısını almağa xidmət edir.

Ancaq prezident İlham Əliyev də mitinqlərə münasibətdə bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, prezidentin fikrincə xalq belə aksiyaları dəstəkləmir.