“Müsəlman Birliyi" hərəkatının fəalı həbs edilib

Əhsən Nuruzadə

"Müsəlman Birliyi" hərəkatının fəalı Əhsən Nuruzadə qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib.

Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, oktyabrın 6-da günortaya yaxın Nuruzadə öz evinin həyətində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Vəkil üç gün ərzində onun harada olduğunu öyrənmək üçün polisə və məhkəmələrə müraciət edib. Yalnız oktyabrın 9-da Kürdəxanı İstintaq Təcridxanasında Nuruzadənin həmin gün oraya gətirildiyini və ona 234.4.3-cü maddə ilə ittiham irəli sürüldüyünü, istintaqı DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin apardığını təsdiq ediblər.

Nərimanov rayon məhkəməsindən Nuruzadənin həbs edildiyini təsdiq ediblər, amma hökmün nə vaxt çıxarıldığını açıqlamayıblar. MCMBİ-dən vəkilə istintaqı hansı müstəntiqin apardığı barədə məlumat verməkdən imtina edərək, yazılı müraciət etməyi tələb ediblər. Vəkil həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.

İmanov xatırladıb ki, ilin əvvəllərindən MCMBİ əməkdaşları Nuruzadəni iki dəfə saxlayıblar və inzibati həbsə məruz qoyublar.

İlk dəfə o, yanvarın 24-də saxlanılıb, amma vəkilə yalnız ayın 30-da, məhkəmə onu 10 günlük həbs etdikdən sonra xəbər veriblər.

Sentyabrın 19-da Nuruzadə MCMBİ əməkdaşları tərəfindən yenidən saxlanılıb və yenə bu barədə Nərimanov rayon məhkəməsinin onun barəsində 10 günlük həbs qərarı çıxarmasından sonra məlumat veriblər.

"Əvvəlki həbslər zamanı Nuruzadəyə bildiriblər ki, Milli Şuranın mitinqlərinə getməyə və Taleh Bağırzadəni (Müsəlman Birliyi hərəkatının lideri) dəstəkləməyə son qoymasa cinayət ittihamı ilə həbs ediləcək", deyə İmanov bildirib.

234.4.3-cü "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma, külli miqdarda törədildikdə" maddə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

MCMBİ-dən şərh almaq mümkün olmayıb.

Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə əlaqədar həbs edilmiş dini fəalların hüquqi və ictimai müdafiəsinin əlaqələndirilməsi ilə məşğul olurdu.