İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı bloger Aleksandr Lapşinə 6,5 il həbs istəyib.
Aleksandr Lapşin Azərbaycanın icazəsi olmadan son illərdə bir neçə dəfə Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabağ regionuna səfər edib. Bundan sonra o, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxs" kimi tanınıb.
İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərində ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilib. Bloger 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.
A. Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.