Həbsdə olan fəal Qiyas Ibrahimovun atası Həsən İbrahimova qarşı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb.
Bu barədə Amerikanın Səsinə müsahibəsində Qiyas İbrahimovun atası Həsən İbrahimov bildirib.
Your browser doesn’t support HTML5
O, bu gün İstintaq İdarəsində ifadə verib.
Vəkil Elçin Sadıqov bildirib ki, Həsən İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə (hakimə hörmətsizlik) cinayət işi başlanıb.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək, hər birini 10 il azadlıqdan məhrum ediblər.
"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimivun şikayətini təmin etməyib.
Məhkəmə zalında insident baş verivb. Belə ki, şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb.
Bu zaman fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahlnız olsun” deyib.
“Bir gün bu qandallar sizin övladlarınıza qismət olacaq. Ənvər Seyidovu (Ağır Cinayətlər Məhkəməsinin hakimindən söhbət gedir. Qiyas İbrahimova 10 il həbs kəsdikdən bir neçə gün sonra onun insult olduğu bildirilir-red) gördünüz? Siz də elə olacaqsınız", məhkəmə nəzarətçiləri atanı zaldan çıxarır.
Həsən İbrahimov bu insidentlə bağlı ona cinayət işi qaldırıldığını bildirib.
“İstintaq İdarəsində məni sorğu-sual etdilər. Guya hakimləri təhqir etmişəm. Sual verdilər mən də cavab verdim”, o qeyd edib.
H.İbrahimov İstintaq İdarəsində ona məhkəmə zalında çəkilmiş videonun göstərildiyini bildirib.
“Mən ədalətin tərəfdarıyam. Günahım varsa cəzamı çəkə bilərəm. Amma, onlara dedim ki, ədalətə, qanunun hamı üçün eyni olduğuna o zaman inanrdım ki, Qiyası tutan zaman çəkilən videoları da məhkəməyə verərdilər. Vəkil dəfələrlə vəsatət verdi, amma həmin videolar təqdim edilmədi, gizlədildi, məhv edildi. Qanun kimə sərfəlidir, o istiqamətdə istifadə edirlər”.
“Mən dedim ki, onlardan fərqli olaraq böhtan və yalan demirəm. Amma, Qiyasa böhtan atanların, evimizə narkotik qoyanların cəzasını kim çəkəcək? Təcridxanada uşağımı döyürlər, onun cəzasını kim çəkəcək?”, ata sual edib.
Ata oğluna qarşı 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra münasibətin pis olduğunu deyib.
“Qiyas buraya köçürülən kimi 16 gün cərimə kamerasına salıblar. Evimizlə telefon əlaqəsi saxlaya bilmir. Dünən getdim çəzaçəkmə müəssisəsinə, özünü rəis müavini kimi təqdim edən şəıxs Qiyasın evlə telefon əlaqəsi saxlayacağını desə də “məni aldatdı”. Qiyas hələ də evə zəng etməyib”, o qeyd edib.
Ata yenidən istintaqa çağöırlacağını deyib.
“Videoda sözlər başa düşülmür. Ona görə də ekspertizaya göndərdilər. Ekpertiza başa çatdıqdan sonra məni yenidən istintaqa dəvət edəcəklər”, Həsən İbrahimov bildirib.