ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 4-də Füzuli rayonun Alxanlı kəndində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Həmsədrlər Azərbaycan və Ermənistanı hərbi əməliyyatları təcili dayandırmağa çağırır:
"Minsk qrupu həmsədrləri tərəfləri hərbi addımları dərhal dayandırmağa çağırır. Zorakılıq yalnız zorakılıq doğurur və heç nə vermir. Bu uzunmüddətli münaqişəni həll etməyin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır", bəyanatda deyilir.
Həmsədrlər qurbanların ailələrini başsağlığı verib.
İyulun 4-də cəbhə xəttində baş verənlərlə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada deyilir.
Baş Prokurorluq Füzuli rayonunun Alxanlı kəndində ağır silahlar da tətbiq edilməklə mülki əhali və obyektlərin atəşə tutulduğunu, mülki əhalinin qəsdən öldürüldüyünü və vətəndaşların əmlaklarının qəsdən məhv edildiyini bildirir.
Bununla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 7 maddəsi ilə cinayət işi başlandığı və istintaq aparıldığı qeyd olunur.
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 4-də Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri Sahibə Quliyeva və Zəhra Quliyevadır.
Atəş nəticəsində qəlpə yarası alan Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.
Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.
Müdafiə Nazirliyi baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edir.
Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhədə atəşkəsin pozulduğunu və atəşin ilk olaraq Azərbaycan Ordusu tərəfindən açıldığını bildirir. Rəsmi Yerevan erməni tərəfindən itkilər və yaralılar olması barədə məlumat vermir.
Ermənistan mediası həmçinin Azərbaycan tərəfində mülki vətəndaşlar arasında telefon danışığı olduğu kimi təqdim edilən audo yazı yayıb. Audio yazıda olan danışıqda Alxanlı kəndində mülki vətəndaşların həlak olması barədə məlumat yer alıb.
Cəbhədə gərginlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona iyun ayında reallaşdırdıqları səfərlərinin yekunu ilə bağlı Vyanada Minsk qrupunun üzvlərini məlumatlandırdıqdan bir gün sonra baş verib.
Eyni zamanda, cəbhədə baş verənlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində keçiriləcəyi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistanın nəzarətindədir.
Tərəflər bir-birlərini, bir qayda olaraq, atəşkəs pozuntularında ittiham edirlər.