İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu günki iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktlna münasibət bildirən A. Lapşin özünü təqsirli bilməyib.
Sərbəst ifadə verməkdən imtina edən A.Lapşin sualları cavablandırıb. O Dağlıq Qarabağa iki dəfə turist kimi səfər etdiyini bildirib.
Daha sonra iclasda şahidlər ifadə verib. Şahidlər əsasən Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərindən məcburi köçkünlər olub. Şahidlər məhkəməyə bildiriblər ki, Lapşin kimi insanların Dağlıq Qarabağa səfəri münaqişənin nizamlanmasına və onların dogma yurdlarına qayıtmasına mane olur.
Vəkil Eduard Çernin Amerikanın Səsinə blogerinin səhhətinin normal olduğunu bildirib. O məhkəmə prosesində tezliklə hökmün elan edilməsini istəyir.
Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.
İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin Azərbaycan prokurorluğu tərəfindən dövlət sərhədini qanunsuz keçmə, ərazi bütövlüyünə qarşı yönələn açıq çağırışlar etmə əməllərində ittiham olunub və 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. Bloger 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.