Georgi Marqvelaşvili: Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir

Gürcüstan prezidenti jurnalistlərə şərh verib

"Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir", bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Gürcüstandan çıxarılması faktını jurnalistlərə şərh edərkən deyib.

"Dövlət öz nüfuzunu qorumalıdır. Bu iş üzrə vəkilin bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır".

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək, xəbəri Tbilisinin İPN agentliyi yayıb.http://www.interpressnews.ge/en/politicss/87456-disappearance-of-a-person-is-a-serious-challenge-for-our-statehood-and-sovereignty-president.html

Ə.Muxtarlı mayın 29-da axşamdan yoxa çıxıb, bir gün sonra isə onun sərhəddən keçirilərək Bakıya gətirildiyi bəlli olub. Vəkilinin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələriylə, yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. O, vəkilinə Tbilisidə zorla maşına oturdulduğunu, döyüldüyünü, cibinə 10 min avro atıldığını deyib. Ə.Muxtarlının pasportu isə Tbilisidə yaşadığı evdə qalıb.

Daha sonra Muxtarlıya yeni ittiham Cinayət Məcəlləsinin 315.2 - guya sərhəd xidməti əməkdaşına həyat və sağlamlığına zor tətbiq edib", vəkil Elçin Sadıqov bildirib.