ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişə zonasında hərbi eskalasiyanı pisləyib

ATƏT

Xarici İşlər Nazirliyi ATƏT -in Minsk Qrupunun həmsədrlərinin bəyanatını şərh edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) bəyanat yayaraq bu yaxınlarda atəşkəsin pozulmasını pisləyib və tərəfləri münaqişə zonasında eskalasiyanın qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.

"Biz atəşkəs rejiminin pozulması hallarını pisləyir və tərəfləri gərginliyin artmamasından ötrü gərəkən tədbirlər görməyə çağırırıq".

Həmsədrlər qeyd edir ki, müxtəlif mənbələr mayın 15-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın raket kompleksini vurduğunu bildirir. Mayın 16 və 17-də isə Ermənistan tərəfi müxtəlif kalibrli silahlardan cavab atəşləri açıb.

"Tərəflərin bu hərəkətləri atəşkəsin ciddi şəkildə pozulmasıdır və narahatlıq yaradır. Son zərbələrin hədəfləri, eləcə də qurbanlar və dəyən zərərlə bağlı ziddiyyətli məlumatlar gəlir. Minsk qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi durumla bağlı daha dolğun informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqdadır", bəyanatda bildirilir.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 18 may tarixli bəyanatını şərh edib.

Hikmət Hacıyev

H. Hacıyev bildirib ki yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

“Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur”, o bildirir.

Azərbaycanın Müdafiə Nazirliyi mayın 15-də bildirib ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistana məxsus "OSA" zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

“Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”, mayın 15-də Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Bir gün sonra isə Ermənistan bu hücumun cavabsız qalmayacağı haqda xəbərdarlıq etdilər.

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişə zonasında hərbi eskalasiyanı pisləyiblər.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs gerçəkləşdirilənə qədər Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və əlavə olaraq daha bir neçə kənd Ermənistanın nəzarətinə keçib.

Ötən illərlə müqayisədə 2016-cı ildə atəşkəs daha çox pozulub, aprelin 2-5-də ağır silahlardan da istifadə etməklə döyüşlər olub. Hər iki tərəf itkilər verib.